
Ər-Riyad.
Azərbaycan COP29-da yeni Şimal-Cənub maliyyə mexanizmi yaratmağı
təklif edəcək.
Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və
sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov İslam İnkişaf Bankı
(İİB) qrupunun illik müşavirələri çərçivəsində “COP29-a doğru –
prioritetlər və gündəm” mövzusunda təqdimatda deyib.
Onun sözlərinə görə, Şimal-Cənub Maliyyə mexanizmi milli və
beynəlxalq neft (enerji) şirkətləri arasında körpü rolunu oynaya
bilər.
H.Hüseynov qeyd edib ki, üzvlük imkanları bütün tərəflər, hətta
əvvəlcədən təşəbbüsə qoşulmağa qərar verməyənlər üçün də açıq
olaraq qalacaq.
“Şimal-Cənub Maliyyə mexanizminə üzv tərəflər ixrac etdikləri
qazıntı yanacağına görə Fonda köçürmələr edəcək və verdikləri
məbləğin müqabilində səhmdarlara çevriləcək. Tərəflər qazıntı
yanacağının həcmindən və müvafiq olaraq Fonda köçürülməli məbləğdən
asılı olaraq yığımın ölçüsünü sərbəst şəkildə müəyyənləşdirəcək”, –
deyə o bildirib.
O vurğulayıb ki, Şimal-Cənub Maliyyə mexanizmini fərqləndirən
əsas amillər aşağıdakılardır:
– Maliyyə stabilliyi (davamlı kapital axını).
– Fonda yığılan vəsaitin bir hissəsi konsessiya layihələrinin
maliyyələşdirilməsi məqsədləri üçün gəlirsiz kapital hesab olunacaq
(güzəştli investisiya qoyma).
– Digər hissə kommersiya cəhətdən sərfəli investisiyalara
yönəldiləcək və səhmdarlar üçün gəlir mənbəyi olacaq.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabr ayında Azərbaycanda keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























