Advertisement

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək (VİDEO)

Bakı. Trend:

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan
karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi,
ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox
ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da
“AzərEnerji” tərəfindən kompleks işlər həyata keçirilir. Belə ki,
hazırda Kəlbəcər rayonunun ərazisində 4 yerdə su elektrik
stansiyalarının tikintisi aparılır. 4,3 meqavat gücündə “Zar”, 8,8
meqavat gücündə “Nadirxanlı”, 8,6 meqavat gücündə “Aşağı Vəng” və
22,5 meqavat gücündə “Yuxarı Vəng” su elektrik stansiyalarının
2024-cü ildə istismara verilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, 2020-2023-cü illər ərzində Kəlbəcər
rayonunda “AzərEnerji” tərəfindən ümumi gücü 32 meqavat olan
“Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Çıraq-1”, “Çıraq-2” və
“Soyuqbulaq” kiçik su elektrik stansiyaları yenidən qurularaq Ölkə
Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib.
Məskunlaşma siyasətinə uyğun olaraq 20-dən artıq kəlbəcərli bu
stansiyalarda daimi işlə təmin olunub. Bu günə kimi istismara
verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon kilovat saata
yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib. Qeyd
edək ki, cari ilin bolsulu olması və quraşdırılan turbinlərin
səmərəlilik göstəricilərinin yüksək olması səbəbindn stansiyalar
hazırda nominal gücdə işləyir.

Sonda xüsusi bir məqamı da diqətə çatdıraq ki, kiçik su elektrik
stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada
Qətərdə yerləşən «Qlobal Karbon Şurası» təşkilatına Kəlbəcərdə
fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət
olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə
keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su
elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk
dəfə bərpa olunan enerji mənbəli elektrik stansiyalarının karbon
sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən
ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.