
Bakı. Trend:
27 aprel 2024-cü il tarixində Future Shapers proqramının açılış
tədbiri baş tutub. Proqram istedadlı universitet tələbələrini və
yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə
də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək
məqsədini daşıyır.
Future Shapers-ın bu ilki əsas müvzuları Kiber Təhlükəsizlik,
İnnovasiya, Məhsul Mədəniyyəti, Data və Analitika mövzularıdır ki,
tədbir zamanı bu mövzuları əhatə edən bilik sessiyaları da həyata
keçirilib.
Tədbir zamanı, spiker qismində PAŞA Holding-in və digər
qurumların rəhbər şəxsləri öz təcrübələrini paylaşıb, texniki va
rəqəmsal bacarıqlar sahəsində baş verən yeniliklər və fürsətlər
barədə məlumat veriblər. Bununla yanaşı, tədbirdə PAŞA Holding və
onun törəmə şirkətlərinin nümayəndələri iştirakçılara PAŞA Qrupun
baxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazarda
yaranan yeni rollar barədə bəhs ediblər.
Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcə
də müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznes
simulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər PAŞA
Qrup şirkətlərinin istedadlar siyahısına da daxil ola
biləcəklər.
Qeyd edək ki, proqram PAŞA Holding-in Öyrənmə və İnkişaf mərkəzi
olan PAŞA Hub tərəfindən təşkil olunur. PAŞA Hub yalnız PAŞA Qrup
şirkətlərinin əməkdaşlarının inkişafına yönəlmiş deyil, eyni
zamanda ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramların
təşkilini nəzərdə tutur.



























