
Bakı. Trend:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətə başladığı
dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının
araşdırılmasına xüsusi diqqət ayırıb. Ermənistan və bəzi Avropa
şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi
məqsədilə fəaliyyət 2023-cü ildə də davam etdirilib. Vətən
müharibəsindən daha əvvəl, 2018-ci ildə başladılan bu proses işğal
faktına son qoyulduqdan sonra daha geniş miqyas alıb. 2022-ci ildən
“AzerGold” bu istiqamətdə fəaliyyətini İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə əməkdaşlıq
şəraitində həyata keçirir.
Həmçinin “AzerGold” QSC 2022-ci ildən Kəlbəcər rayonunun
inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal təzahürləri
sahəsində mərhələli kəşfiyyat-axtarış işlərinə başlayıb. Axtarış
işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. Belə ki,
“Tutxun” sahəsində 273 km2 ərazidə tədqiqatların aparılması
planlaşdırılsa da, 2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş
57 km2 ərazidə geoloji axtarış işlərinin icrası mümkün olub. İlkin
nəticələr kafidir, tədqiqatlar davam etdirilir. Cari il daha 32 km2
sahənin geoloji axtarış işləri üçün ayrılması nəzərdə tutulub.
Hazırda ərazi Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən mina və digər
partlamamış hərbi sursatlardan təmizlənir.
Torpaqların minalardan təmizlənməsi ilə əlaqədar yaranan vaxt
itkisini qismən kompensasiya etmək məqsədilə 2022-ci ildə Cənubi
Qafqaz regionunda ilk dəfə olaraq hiperspektral peyk çəkilişləri
həyata keçirilib. Çəkilişlər Kəlbəcər rayonunu, eləcə də Laçın
rayonunun bir hissəsini əhatə etməklə, ümumilikdə 1624 km2 sahədə
icra edilib.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineral
xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı,
qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub.
2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ
və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən Azərbaycan xalqının
mənafeyi naminə istifadə edilməsi istiqamətində Azərbaycan
dövlətinin yürütdüyü siyasətə “AzerGold” dəstəyini göstərməyə davam
edir.



























