
Ər-Riyad. Trend:
İki il yarım ərzində dayanıqlı sukuk bazarı əhəmiyyətli dərəcədə
artaraq, 2017-ci illə müqayisədə, təqribən 3 dəfə artıb.
Trend xəbər
verir ki, bu barədə London Fond Birjasının baş direktoru Culiya
Hoqqet İİB Qrupunun Ər-Riyadda keçirilən illik müşavirələri
çərçivəsində keçirilən “yaşıl” və dayanıqlı sukuk vasitəsilə iqlim
maliyyələşdirilməsinin sürətləndirilməsi üzrə panel müzakirəsində
çıxışında deyib.
Sukuk şəriət ölkələrində yayılmış və istiqrazların bir növ
islami ekvivalenti olan maliyyə sənədidir.
“Lakin dayanıqlı sukuk əvvəlki kimi ümumi fond bazarının kiçik
hissəsini və istiqraz bazarının ondan da kiçik hissəsini təşkil
edəcək. Bu isə ondan xəbər verir ki, dayanıqlı sukuk üzrə bu gün
dərc olunan rəhbər prinsiplər həmişə olduğundan daha vacibdir.
Bu, ötən ilin dekabr ayında Dubayda COP28 konfransında qəbul
edilmiş qərarın ardınca baş verdi və bu prinsiplər Kapital
Bazarları Assosiasiyasının (ICMA) prinsiplərinin maksimum geniş
tətbiqini təmin etmək məqsədilə əsas maraqlı tərəflərlə birgə
hazırlanıb”, – deyə o bildirib.
Hoqqet qeyd edib ki, bu rəhbər prinsiplər bazar iştirakçılarına
sukukları ICMA-nın prinsiplərinə əsasən “yaşıl”, sosial və ya
dayanıqlı olaraq işarələməklə bağlı bu qədər mühüm tövsiyələr
verməyə və qlobal investorların sukuklar barədə məlumatlılığını
artırmağa yönəlib.
“Bizim və tərəfdaşlarımız üçün növbəti mərhələ bu gün dərc
olunan rəhbər prinsiplərin müxtəlif bazarlarda tətbiq olunmasına
zəmanət vermək məqsədilə standartları hazırlayanlar, tənzimləyici
şəriət orqanları, reytinq agentlikləri kimi maraqlı tərəflərlə
qarşılıqlı fəaliyyətdən ibarətdir”, – deyə o əlavə edib.
Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam
İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.
2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər
verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və
tərəqqi”dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi
inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks
etdirir.
Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.
Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı
çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq
və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər
hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və
vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı
ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.
Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye
palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























