Advertisement

Ziraat Bank Azərbaycan ölkəmizin bankçılıq missiyasının ABŞ-yə ilk geniş işgüzar səfərində iştirak edib (FOTO)

Bakı. Trend:

22.04.2024-cü il tarixində Azərbaycanın Bankçılıq Missiyası
çərçivəsində ABŞ-yə ilk işgüzar səfər təşkil olunub. İşgüzar
səfərdə “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri
Dr.Selçuk Demir də iştirak edib. Qeyd edək ki, Azərbaycan
Respublikasının Mərkəzi Bankının və Azərbaycan Banklar
Assosiasiyasının rəhbər nümayəndələrinin və bir sıra bankların
sədrlərinin iştirak etdiyi səfər 25.04.2024-cü il tarixinədək davam
edib.

Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Taleh Kazımovun
rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyası və Amerika Birləşmiş
Ştatları – Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ABŞ-yə
baş tutan işgüzar səfərin əsas məqsədi hər iki ölkənin maliyyə
sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında
əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərməkdir.
Azərbaycan bankçılıq missiyasının səfəri çərçivəsində ABŞ Dövlət
Departamentində və digər dövlət təşkilatlarında, maliyyə
qurumlarında görüşlər keçirilib. ABŞ Beynəlxalq İnkişaf Maliyyə
Korporasiyası, “Exim Bank” və “Bank of New York Mellon” kimi
nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri
müzakirə olunub. Görüşlərdə qurumların təcrübələri, mümkün
risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin
bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.
Həmçinin iki ölkə arasında ticarət əlaqələrinin
genişləndirilməsində bank-maliyyə sektorunun rolunun önəmi
vurğulanaraq əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə
Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə
Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli
lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə
bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.