
Bakı. Trend:
Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük
verirlər. Bu, o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi
2-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox
üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 8.8 faizi
sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici turistlərin 3,1
faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi
Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda
qeydə alınıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt
hotellərinə yenə də uduzurlar:
“Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana
bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti
çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim
edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər
tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək
olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri
qalır.
2024-cü ilin ilk rübündə hotellərdə qalanların sayı 2023-cü ilin
eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq, 779,4 min olub. Yerli
və xarici turistlər daxil olmaqla gecələmələrin ümumi sayının 64,7
faizi Bakıda, 9,3 faizi Qusarda, 4 faizi Naftalanda, 3,9 faizi
Qubada, 3,6 faizi Şabranda, 3 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda,
1,1 faizi Gəncədə, 1 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6
faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.
Xarici turistlərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin
birinci rübü ilə müqayisədə 40,2 faiz artaraq, 433,4 min olub ki,
bu da ümumi gecələmələrin 55,6 faizini təşkil edir. Gecələmələrin
ümumi sayının 17,8 faizi Hindistan, 17,3 faizi Rusiya, 9,0 faizi
Türkiyə, 7,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,3 faizi Səudiyyə
Ərəbistanı, 3,7 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,7 faizi Böyük
Britaniya, 2,4 faizi ABŞ, 2,3 faizi Pakistan, 2,3 faizi Çin, 1,7
faizi Özbəkistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,1 faizi
Gürcüstan, 1 faizi Bəhreyn, 0,9 faizi İsrail, 0,8 faizi Qətər, 0,8
faizi Ukrayna, 0,7 faizi Belarus, 0,7 faizi Litva, 0,6 faizi
Fransa, 0,6 faizi Polşa, 0,6 faizi İran, 0,6 faizi Oman, 13,9 faizi
isə digər ölkələrin vətəndaşlarının payına düşüb”, – deyə o
bildirib.



























