Advertisement

Karqodan şikayəti olanlar üçün sistem yaradıldı

Bakı. Trend:

Artıq vətəndaşlar xidmətindən narazı qaldıqları karqo
şirkətlərindən tənzimləyici quruma şikayət edə biləcəklər.

Trend İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə
istinadən xəbər verir ki, bununla bağlı “E-Şikayət” sistemində poçt
xidmətləri üzrə şikayətlərin də qəbuluna başlanıb.

İstifadəçilər bunun üçün müvafiq link vasitəsilə
“E-Şikayət” sisteminə daxil ola bilərlər. “İdentifikasiya nömrəsi
ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi”
səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik
yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti
tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon
rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya
xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

Həmçinin adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi
operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan
yaradılıb. Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının
sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət
və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan
linkə keçid edərək şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.