Advertisement

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda
yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 28
Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir
keçirilib.

“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri”
mövzusunda keçirilən tədbirdə “AzerGold” QSC, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidmətinin nümayəndələri və QSC-nin ÇİRES-də çalışan podratçı
şirkətlərinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Səhmdar Cəmiyyət tərəfindən əməyin mühafizəsi,
işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması,
habelə ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə
ətraflı məlumat verilib. Bildirilib ki, iş yerlərində, xüsusilə
istehsalat müəssisəsində reallaşdırılan qabaqlayıcı tədbirlər
nəticəsində “AzerGold” QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində
istehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının
alınması və əməyin təhlükəsizliyinin qorunmasına nail olunub.
Bununla “AzerGold” QSC-də təhlükəsiz ötüşən iş saatlarının sayı 5
milyon saatı ötüb. Bu, dağ-mədən sahəsində fəaliyyət göstərən
şirkət üçün yüksək göstərici hesab edilir.

Tədbir çərçivəsində Çovdar İnteqrəolunmuş Regional Emal
Sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsi
üzrə fəaliyyətə töhfə verən “AzerGold” QSC və podratçı şirkətlərin
əməkdaşlarına təşəkkürnamələr təqdim edilib.

Daha sonra qonaqlar ÇİRES-in fəaliyyəti ilə tanış olub,
müəssisədə yaradılan əlverişli əmək şəraiti, sağlamlıq, əməyin
təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində görülən
tədbirlərdən məmnunluqlarını ifadə ediblər.

Xatırladaq ki, Ümumdünya Əməyin Mühafizəsi Günü BMT-nin
ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatı
tərəfindən 2003-cü ildə təsis edilib. Əməyin mühafizəsi ilə bağlı
təsis edilən bu xüsusi gün hər il Azərbaycanda da qeyd olunur.

Ölkəmizdə layiqli əmək təminatı, işçilər üçün təhlükəsiz və
sağlam əmək şəraitinin yaradılması dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Bu istiqamətdə mütərəqqi beynəlxalq
norma və standartlar əsasında qəbul edilmiş milli qanunvericiliyə
uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində “AzerGold”
QSC-nin müəssisə və törəmə şirkətlərində də sistemli fəaliyyət
aparılır, işçilərin əmək hüquqları, əməyin təhlükəsizliyi sahəsində
davamlı maarifləndirilməsi təmin edilir.