
Bakı. Trend:
Burada deputatlarımızı maraqlandıran və maraq doğuran məsələ
siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən
subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair
34 milyon manat vəsaitin olması məsələsi idi. Bu, İqtisadiyyat
Nazirliyi tərəfindən əsaslandırılıb. Müəyyən xarici ölkələrin
təcrübəsi nəzərə alınıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət
komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev
“Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyin müzakirəsi
zamanı deyib.
O bildirib ki, bu maddənin qanuna əlavə edilməsi məqsədəuyğun
hesab edilir: “Tütün və tütün məmulatları nə qədər qiymətli məhsul
olsa da, insan orqanizminə ziyandır, onların keyfiyyətli istehsalı
çox vacibdir. Keyfiyyətli məhsul istehsal etmək üçün müasir
texnologiya, avadanlıqlar lazımdır.
“Bir sistemin quraşdırılmasının məbləğinin 10 milyon dollar
müəyyənləşdirilməsi qanunauyğun haldır. Belə fikirlər var ki, bunun
məbləği niyə 3-5 milyon olmur? Bu məbləğli avadanlıqlarla yüksək
keyfiyyətli məhsul istehsal etmək mümkün deyil”, – deyə o, əlavə
edib.
Komitə sədri vurğulayıb ki, arağın illik minimum həcminin 100
min dekolitr müəyyən olunması da əsaslandırılıb:
“Belə ki, birdən-birə 100 min dekolitr araq istehsal etmək
gücünə malik müəssisələr yoxdur. Bu gün ölkədə 132 alkoqollu içki
istehsalı ilə məşğul olan vergi ödəyicisi var. Araq istehsalı ilə
məşğul olan 98 vergi ödəyicisindən yalnız 8-nin istehsal gücü o
tələbi ödəyir. 75 faizi bu qədər araq istehsal edə bilmir.
İqtisadiyyat Nazirliyindən aldığım məlumata görə, alkoqollu içki
istehsalı üzrə ən çox vergidən yayınma hallarına, kölgə
iqtisadiyyatına araq istehsalında rast gəlinir”.



























