
Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 145-ə
çatıb.
“Startap” şəhadətnamələri “E-Tibb” MMC-nin onlayn həkim qəbulu
üçün mobil platforması, “İmajin Technologies” MMC-nin interaktiv
alış-veriş platforması, “Finmarket” MMC-nin kredit təşkilatları
üçün onlayn kredit platforması, “Troniq” MMC-nin reklam robotunun
istehsalı və satışı, “Yoldash” MMC-nin avtomobil sürücülərini və
sərnişinləri birləşdirən onlayn platforması, Xəyalə Nuşirəvanovanın
onlayn zəka oyunları platforması layihələri üçün təqdim edilib.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini
şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən
əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il
müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,
eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı
linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi



























