Advertisement

Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlandı

Bakı. Trend:

Avropa Gimnastikası (EG) mayın 3-5-də Bakıda keçiriləcək bədii
gimnastika üzrə Avropa kubokunun mükafat fondunu təsdiqləyib.

Trend İdman.biz
istinadən xəbər verir ki, yarışın ümumi mükafat fondu 40 min avro
təşkil edəcək.

Yarışlar maraqlı qaydalarda keçiriləcək. Çoxnövçülük
yarışlarında təsnifat mərhələsinin yekununa əsasən mütləq
birincilikdə finala yüksələn 16 gimnast “Cross Battles” adlanan
raundlarda çıxış edəcək. Olimpiya sistemi ilə keçirilən bu
mərhələlər 1/8 finaldan başlayacaq. Cütlər təsnifatdakı yerlərə
əsasən müəyyənləşəcək. 1-ci yer 16-cı, 2-ci yer 15-ci pillə ilə
görüşməsi ardıcıllığı əsas götürüləcək. Hər idmançı mərhələdə
finala qədər yalnız bir hərəkətdə çıxış edəcək.

“Cross Battles”in qalibi 8, gümüş mükafatçı 5, üçüncü yerin
sahibi 3 min avro qazanacaq. Fəxri kürsüdən kənar qalacaq digər 13
iştirakçı üçün də mükafatlar nəzərdə tutulub.

4-cü pillənin sahibi iki min, 1/4 finalda uduzanlar hərəyə min
avro əldə edəcəklər. 1/8 finalın uğursuzları isə 500 avro ilə
kifayətlənməli olacaqlar.

Qrup hərəkətləri üzrə çoxnövçülüyün qalibi 5, gümüş mükafatçı
3,5, bürüncü sahibi 2,5 min avro qazanacaq. Yeniyetmələrin
mübarizəsində komanda yarışında qələbə 1300, gümüş 1000, bürünc 700
avro mükafat gətirəcək.

Avropa kubokunda ümumilikdə 160 gimnast mübarizə aparacaq. EG-in
mətbuat xidməti yarışın ulduzlarını da açıqlayıb: “Onların arasında
son mütləq Avropa çempionu Boryana Kaleyn, onun Bolqarıstan
millisindəki komanda yoldaşı superulduz Stiliana Nikolova, 2022-ci
ilin mütləq qitə çempionu Darya Atamanov, digər israilli, artıq
böyüklərin yarışına qatılan Daniela Munits kimi qitə səviyyəli
tanınmışlar var. Favoritlər sırasında 2022-ci ilin mütləq dünya
çempionu Sofiya Raffaeli və daha bir italiyalı Milena Baldasarri,
ukraynalı Kristina Poqraniçnaya, Azərbaycanın sevinci və qüruru
Zöhrə Ağamirova və bir çoxları da var”.

Yarışların proqramına gəlincə, mayın 3-də böyüklərin təsnifat
mərhələsində gürzlər, halqa, top və lentlə hərəkətlər baş tutacaq.
Onlar finala vəsiqə verən ilk 16 yer, həmçinin ayrı-ayrı
hərəkətlərdə həlledici raunda vəsiqə uğrunda mübarizə aparacaqlar.
Ertəsi gün komandaların qrup hərəkətlərində ilk çıxışları baş
tutacaq, həmçinin çoxnövçülükdə “Cross Battles” keçiriləcək.
Ardınca yeniyetmələr komanda yarışlarında mübarizəyə start verəcək.
Mayın 5-də həm böyüklər, həm yeniyetmələr, həm qruplar ayrı-ayrı
hərəkətlərdə mükafatçıları müəyyənləşdirəcəklər.