Advertisement

Ölkənin ikinci böyük elektrik stansiyası təmir edilir

Bakı. Trend:

Enerji effektivliyinin artırılması, atmosferə atılan karbon
emissiyasının azaldılması, yeni yaradılan bərpa olunan enerji
mənbələrinin enerjisistemə inteqrasiyasının balanslaşdırılması,
ölkənin enerji sisteminin etibarlılığının və dayanıqlılığının
qorunaraq möhkəmləndirilməsi üçün ölkənin ikinci böyük elektrik
stansiyası olan, Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq
“Şimal” Elektrik Stansiyasında reqlament üzrə təmir-təftiş işləri
aparılır.

“Azərenerji”dən Trend-ə bildirilib ki, texniki-iqtisadi göstəricilərin
yaxşılaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi üçün
analoji proses 2021-ci ildə 400 meqavatlıq “Şimal-1” Elektrik
Stansiyasında da həyata keçirilmişdi və hazırda 400 meqavatlıq
“Şimal-2” Elektrik Stansiyasında kompleks təmir işləri görülür.

Qaz turbinində, generatorda, transformatorlarda, ötürmə
xətlərində, idarəetmə və təsirlənmə sistemlərində aparılan
təmir-təftiş işlərini “AzərEnerji”nin “Şimal” Elektrik Staniyasının
və “Enerjiservis” MMC-nin mütəxəssisləri ilə yanaşı istehsalçı
“Mitsubishi Power Europe, Ltd.” şirkətinin mütəxəssisləri həyata
keçirir. Yeni texnologiyaların və əlavə rəqəmsal avadanlıqların
tətbiqi nəticəsində stansiyanın səmərəliliyi daha da
yüksələcək.

Bununla da əvvəllər hər kilovat-saata görə təqribən 220-222 qram
şərti yanacaq sərf edilirdisə, indi bu rəqəm hər kilovat-saata görə
215-216 qrama qədər düşəcək, üstəlik təbii qaza qənaət edilməklə
yanaşı, karbon emisiyasın azalmasına səbəb olacaq.

Paralel olaraq, “Şimal-2” Elektrik Stansiyasının dənizə geri
buraxılan soyutma suyunun üzərində yaradılan kiçik su elektrik
stansiyasında da “AzərEnerji” tərəfindən qrafikə uyğun təmir işləri
aparılır. Sonda onu da qeyd edək ki, ümumilikdə “Şimal” Elektrik
Stansiyası ölkədəki istilik elektrik stansiyaları arasında ən
yüksək faydalı iş əmsalına malik olan stansiyadır və bu stansiya
57% faydalı iş əmsalına görə Cənubi Qafqaz regionunda ilk yerdə
qərarlaşıb.