
Bakı. Trend:
Başa vurduğumuz aylar bir-birini günbəgün artan uğurlarla
əvəzləyir. Aprel ayı kütləvilik, idman uğurları və infrastrukturun
möhkəmlənməsi baxımından xüsusilə fərqləndi.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid
Qayıbov aprel ayını dəyərləndirərkən deyib.
O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, ölkəmizin ikinci ən
böyük şəhəri olan Gəncə şəhərinin infrastrukturu üçün iki mühüm
hadisə baş verib: “Əvvəlcə dövlətimizin başçısı cənab İlham Əliyev
Gəncə İdman Sarayının açılışını etdi, burada müxtəlif idman növləri
üçün ən yüksək səviyyədə yaradılmış şəraitlə tanış oldu. Qafqazın
və regionun ən böyük idman mərkəzi olan bu idman sarayında
idmançıların təlim-məşq, yarış və istirahəti üçün hər bir imkan
var. Inanaram ki, bu sarayda gələcəyin çempionları yetişəcək, çox
sayda yerli və beynəlxalq yarışlar keçiriləcək. Qeyd edim ki, gələn
il ölkəmizdə keçiriləcək III MDB Oyunlarının bir çox yarışları məhz
burada təşkil ediləcək. Bundan başqa, ölkə başçısı Gəncə şəhər
stadionunun da təməlini qoydu”.
Nazir Bakının beynəlxalq yarışlara ev sahibliyi etməsinin artıq
ənənə halını aldığını da vurğulayıb: “Bakıda 41 ölkədən 116
gimnastın mübarizə apardığı bədii gimnastika üzrə Dünya kuboku bu
dəfə də yüksək səviyyədə təşkil olundu. Milli Gimnastika Arenasında
təşkil olunan tədbirdə federasiyanın yeni talismanları – zərif
ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edildi. Daha bir
beynəlxalq yarış – güləş üzrə Olimpiya təsnifat turniri də MGA-da
yüksək səviyyədə təşkil olundu. Avropa Olimpiya Təsnifat Turnirində
5 sərbəst güləşçimiz – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65
kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi
Meşvildişvili (125 kq) Fransa paytaxtına yollanmaq hüququ
qazandılar. Tarixdə ilk dəfə oyun idman növlərində də Olimpiadada
təmsil olunacağıq. Bu sevinci bizə Azərbaycanın qadınlardan ibarət
3×3 basketbol milli komandası Honkonqda təşkil olunan lisenziya
xarakterli turnirin qalibi olmaqla yaşatdı. Paris Yay Olimpiya
Oyunlarına daha bir lisenziyanı akademik avarçəkmə idman növündə
əldə etdik. İdmançımız Diana Dımçenko yarışda ikinci yeri tutmaqla
Olimpiadaya lisenziyanı təmin etdi. Sonuncu dəfə Azərbaycan
avarçəkmə idman növündə Braziliyanın Rio-de-Janeyro şəhərində
keçirilmiş Yay Olimpiya Oyunlarında təmsil olunmuşdu. Bununla da
may ayının ilk gününə idmançılarımız lisenziyaların sayını 18-ə
çatdırdılar. Qazanılan yeni lisenziyalar münasibətilə kanoe və
avarçəkmə, basketbol və güləş federasiyalarını təbrik edirəm.
Qarşıdakı iki ay ərzində qazanılacaq lisenziyaların sayının daha
çox olacağına inanırıq”.
Qayıbov aprelin çoxlu ilklər və yeni rekordlarla yadda qaldığnı
da qeyd edib: “Cüdoçumuz Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu
tituluna yiyələnməklə Azərbaycan cüdosunda yeni rekorda nail oldu.
Daha bir cüdoçumuz Elcan Hacıyev 90 kq çəki dərəcəsində ilk dəfə
ölkəmizə qitə çempionatının qızıl medalını qazandırdı. Şahmatçımız
Ülviyyə Fətəliyevanın Avropa çempionluğu da ilklərdən biri oldu. Bu
uğuru ilə Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan
şahmatçısı kimi tarixə düşdü. Tamblinq və batutçularımız Avropa
çempionatında uğurlu çıxışları ilə ilklərə də nail oldular.
Tamblinq yığmamız Avropa çempionu titulunu qazandı. İdman
gimnastikası tarixində ilk dəfə Avropa çempionatında medalımız
qazanıldı. Bu uğuru halqalarla hərəkətdə Nikita Simonov (gümüş)
əldə etdi. Yeniyetmələrin və qızların batutda sinxron
hərəkətlərində də komandamız uğurla çıxış etdi və batutçu qızların
qazandığı ölkəmiz üçün ilk Avropa medalı oldu. Tamblinq yığmamız da
komanda hesabında Avropa çempionatında ilk qızıl medalımızı
qazandı”.
Nazir ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu
beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan
idmançıları və onların məşqçiləri ilə görüş ənənənin davam etdiyini
də deyib: “Budəfəki görüşdə də idmançıları dinləyib onların
uğurlarına birlikdə nəzərə saldıq. Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasının növbəti hesabat-seçkisində Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf qurumun yeni rəhbəri,
Azərbaycan Cüdo Federasiyasının ümumi yığıncağında isə Rəşad
Rəsullu federasiyanın yeni icraçı vitse-prezidenti seçildilər. Hər
iki federasiyaya bundan sonrakı fəaliyyətlərində uğurlar
arzulayıram”.
Qayıbov Bakının 2026-cı ildə dünyanın “İdman Paytaxtı” tituluna
iddialı olduğunu da açıqlayıb: “Artıq şəhərimizin namizədliyi irəli
sürülüb və ötən ay Dünya İdman Paytaxtı Mükafatı üzrə
Qiymətləndirmə Komissiyasının (ACES) nümayəndələri Bakıda səfərdə
oldular. Onlar bir sıra idman qurğularının fəaliyyəti ilə
maraqlanıb, təqdimatda iştirak etdilər. Komissiyanın nümayəndələri
ilə görüşüm oldu. Onlarla ölkəmizdə idman sahəsində görülən
işlərdən, qazanılan uğurlardan danışdıq, Bakının idman potensialını
müzakirə etdik”.
O bildirib ki, qarşıda yığmamızı Parisə aparan məsul və
məhsuldar iki ay gözləyir: “Azərbaycan idmançılarının ilin ilk 4
ayında qazandığı ardıcıl uğurlar sabaha daha optimist baxmağa sövq
edir. İnanıram ki, idmançılarımız Olimpiya ilini qələbələrlə davam
etdirəcək və bayrağımızı zirvədə saxlayacaqlar”.





























