Advertisement

Orta Dəhliz müstəsna alternativ kimi sürətlə populyarlıq qazanır – Levan Davitaşvili

Tbilisi. Trend:

Hazırkı mürəkkəb qlobal vəziyyətin və təchizat zəncirlərinin
şaxələndirilməsinə artan tələbatın fonunda Orta Dəhliz Qara dəniz
limanları və ya quru yol marşrutları vasitəsilə Avropa və Asiya
arasında ticari axınların asanlaşdırılması üçün müstəsna alternativ
kimi sürətlə populyarlıq qazanır.

Trend xəbər
verir ki, bu barədə Gürcüstanın Baş nazirin birinci müavini,
iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə
Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində “Bağlantıların
gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və
Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən
Formalaşdırılması)” mövzusunda panel müzakirəsində çıxışında
deyib.

“Bunun üçün biz dəmir yollarının, Bakı-Tbilisi-Qars dəmir yolu
xəttinin, Şərq-Qərb avtomagistralının, dərinsulu Anaklia limanının
modernizasiyası və s. kimi müxtəlif layihələrin köməyilə ölkənin
nəqliyyat şəbəkəsini aktiv şəkildə inkişaf etdiririk. Bu strateji
investisiyalar Gürcüstanın Avropa və Asiya arasında birləşdirici
körpü rolunun gücləndirilməsinə yönəlməklə yanaşı, daima artan
nəqliyyat axınlarının təmin edilməsi üçün müvafiq imkanlar
yaradır”, – o deyib.

O, Gürcüstanın AİB ilə uzunmüddətli əməkdaşlığa malik olduğunu
qeyd edib.

“Müxtəlif mühüm infrastruktur layihələrinə 4,5 milyard
dollaradək investisiya qoyulub. Bugünkü tədbir həm də ümumi və
dayanıqlı inkişaf üçün, xüsusən pandemiya və geosiyasi münaqişələr
nəticəsində regiondakı çağırışların fonunda həlledici əhəmiyyət
kəsb edir. Pandemiyanın səbəb olduğu böyük makroiqtisadi təsirə
baxmayaraq, böhranlar regionların sürətləndirilmiş iqtisadi
inkişafı istiqamətində işlərin təkrar yönəldilməsi və
gücləndirilməsi üzrə yeni yanaşmalar və innovativ ideyalar
doğurub”, – o deyib.

L.Davitaşvili bugünkü “Bağlantıların gücləndirilməsi” tədbirinin
çox mühüm olduğunu, geniş anlamda bağlantının bir çox sahələri, o
cümlədən, rabitə, energetika və nəqliyyatı əhatə edir ki, bu da
ölkələrimizə və iqtisadiyyatlarımıza sinergetik və kumulyativ təsir
göstərir.

“Qeyd etmək lazımdır ki, post-pandemiya dövründə Gürcüstanın
iqtisadi artımı ikirəqəmli göstəriciyə çataraq 2021 və 2022-ci
illərdə müvafiq olaraq 10,6% və 11% olub. Tendensiya 2023-cü ildə
7,5% və 2024-cü ilin yanvar-fevral aylarında 7,7% artım sürəti ilə
davam edib. Struktur islahatları ilə yanaşı regional bağlantıların
möhkəmləndirilməsi iqtisadi sabitliyi və dayanıqlı uzunmüddətli
artımı təmin etməyə kömək edir”, – o deyib.

Baş nazirin birinci müavini strateji müttəfiqlik layihələrinin
icrasının sürətləndirilməsində özəl sektorun və beynəlxalq maliyyə
institutlarının həlledici rol oynadığını qeyd edib, həmçinin AİB-ə
və digər maliyyə institularına Gürcüstanda keyfiyyətli
infrastrukturun qurulmasında uzunmüddətli dəstəklərinə görə
minnətdarlığını bildirib.

İqtisadiyyat naziri, həmçinin, Gürcüstanın enerji bağlantıları
nöqteyi-nəzərindən əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə,
Qara dənizin dibi ilə sualtı kabelin çəkilişi layihəsi daha
iddialıdır və regional bağlantıları möhkəmləndirəcək.

“Bu flaqman layihənin həm Avropa, həm də Qafqaz üçün
əhəmiyyətini nə qədər qiymətləndirsək azdır – o, təkcə tədarük
marşrutlarının şaxələndirilməsinə və tədarük risklərinin azalmasına
xidmət etmir, həm də Gürcüstanda və daha geniş regionda bərpa
olunan enerji mənbələrinin inkişfına köməklik üçün böyük potensiala
malikdir”, – o deyib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Gürcüstan bu il
AİB-in illik tədbirinə ev sahibliyi edir.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının
mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun