Advertisement

Problemlər olmasa, bunu bacararıq – Millinin futbolçusu

Bakı. Trend:

Çempion olduğumuz üçün təəssüratlarım çox yaxşıdır. Dünya
çempionu Rumıniyanı məğlub etmək çox yaxşı oldu.

Trend xəbər verir ki, bunu
İdman.biz
minifutbol üzrə Azərbaycan millisinin oyunçusu Elvin Əlizadə
deyib.

O, Monteneqroda keçirilən beynəlxalq turnirin ən yaxşı
futbolçusu seçildiyi üçün xoşbəxt olduğunu bildirib: “Bosniya və
Herseqovina kimi komandanı tanıdıq. Avropa çempionatı məhz bu
ölkədə keçiriləcəyi üçün onları tanımaq çox önəmli idi. Çox
sevincliyəm. Hər bir oyunçunun arzusudur ki, ən yaxşı
seçilsin”.

Elvin turnirin yığmamız üçün faydasını da vurğulayıb: “Bu
yarışın bizə faydası çox olacaq. Ayrı-ayrı ölkələrə qarşı nə qədər
çox oyun keçirsək, bu, təcrübədir. Hər oyunda səhv və düz qərarlar
olur. Bu barədə düşünür və nəticə çıxarırsan”.

Əlizadə Bosniya və Herseqovinada keçiriləcək Avropa
çempionatında gözləntilərini də açıqlayıb: “Rumıniya çox yaxşı
komandadır. Neçə illərdir ki, minifutbol oynayırlar. Biz onlarla
müqayisədə bu idman növünə çox gec başlamışıq. Rumıniyalıların
güclü rəqib olduqları bəllidir. Avropa çempionatında ilk “üçlük”də
olmağa çalışacağıq. Belə olacağına inanıram. Zədələr, başqa
problemlər olmasa, biz bunu bacararıq. Çox yaxşı komandamız var.
Daha da püxtələşəcəyik, yaxşı məşqlər keçəcəyik. Nəticəmiz yaxşı
olar”.

Qeyd edək ki, millimiz Monteneqroda keçirilən beynəlxalq
turnirin finalında ilk matçda 0:1 uduzduğu Rumıniyanı 5:4 hesabı
ilə məğlub edərək qızıl medalları qazanıb.