
Tbilisi. Trend:
Mayın 2-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Asiya İnkişaf
Bankının (AİB) Rəhbərlər Şurasının 57-ci İllik Toplantısı öz işinə
başlayıb. Mayın 5-dək davam edəcək toplantıda Azərbaycanı maliyyə
naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil
edir.
Trend xəbər verir ki, toplantının ilk günündə “Orta Dəhliz:
Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” və AİB-nin
Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramının
təşkil etdiyi “Regionda Yaşıl Dəyər Zəncirlərinin
Maliyyələşdirilməsi” mövzularında seminar və panel müzakirələr
keçirilib.
Avropa ilə Asiya arasında hər iki istiqamətdə ticarət üçün
alternativ olan Orta Dəhlizin (Trans–Xəzər Beynəlxalq Nəqliyyat
Marşrutu) iqtisadi artıma və regional inteqrasiyaya təkan vermək
potensialına həsr edlən ilk sessiyada Gürcüstanın maliyyə naziri,
Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri, Avropa
Komissiyasının Qonşuluq və genişlənmə danışıqları üzrə baş
direktoru, Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti çıxış
edərək bu cür tədbirlərin üzv və tərəfdaş ölkələr arasında
əlaqələrin inkişafında, ticarət dövriyyəsinin həcminin artmasında
mühüm rol oynadığını vurğulayıb, regionda həyata keçirilən
irimiqyaslı layihələrin əhəmiyyətindən danışıblar. Bu baxımdan
Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin əhəmiyyəti xüsusi
qeyd olunub.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov panel
müzakirələrində çıxış edərək Xəzər dənizi üzərindən, Azərbaycan,
Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə
birləşdirən və ticarət əlaqələri üçün mühüm bağlantıya çevrilən
Orta Dəhliz ölkəmizin gündəliyində yer alan əsas nəqliyyat dəhlizi
olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan özünün
nəqliyyat infrastrukturunu təkmilləşdirməklə, yol şəbəkələrinin,
limanların, dəmir yollarının və hava nəqliyyatı vasitələrinin
müasirləşdirilməsinə böyük həcmli sərmayələr yatırmaqla Orta
Dəhlizlə bağlı öhdəliyinə sabit və qətiyyətli mövqeyini nümayiş
etdirir. O, Xəzər dənizində ən böyük logistika qovşağı olan Bakı
Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın
istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması,
dəmir yolu infrastrukturlarının modernləşdirilməsi,
avtomagistralların çəkilməsini qeyd edib.
Maliyyə naziri bu dəhlizin şaxələndirilməsinə və illik ötürmə
qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcək
Zəngəzur dəhlizindən də bəhs edib. S.Şərifov hazırda Azərbaycanın
nəqliyyat-tranzit gündəliyində yer alan əsas prioritet layihənin
Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonunu Naxçıvan Muxtar
Respublikasına və oradan da Türkiyənin Qars bölgəsinə birləşdirən
nəqliyyat kommunikasiyalarının yaradılması olduğunu bildirib və
əlavə edib ki, Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyat
arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir və
region ölkələrinin tranzit potensialının tam şəkildə
reallaşdırılmasına xidmət edəcək: “Zəngəzur bağlantısının həyata
keçirilməsi dəhlizin tutumunu artıracaq və çatdırılma müddətlərini
daha sabit edəcək. Biz inanırıq ki, Zəngəzur dəhlizi həm də regiona
davamlı sülh və təhlükəsizlik gətirəcək, ölkələr arasında ticarəti
və əməkdaşlığı yaxşılaşdırmaqla etimad və sabitliyin yaranmasına
kömək edəcək”.
Müzakirələr zamanı nazir Azərbaycan Qara dənizin dibi ilə kabel
çəkilişi layihəsinin uğurla həyata keçirilməsi üçün Dünya Bankı,
Asiya İnkişaf Bankı və digər beynəlxalq tərəfdaşlarla sıx
əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. “Azərbaycan bu layihənin
bir hissəsidir və bu layihə həm Gürcüstanın, həm də Azərbaycanın
enerji istehsalı potensialının artırılmasını əhatə edəcək”.
Nazir həmçinin bu il ölkəmizin çox mühüm qlobal iqlim konfransı
COP29-a ev sahibliyi edəcəyini xüsusi qeyd edib və bildirib ki,
Azərbaycan 2030-cu ilə qədər bərpa olunan mənbələrdən 5 QVT-a qədər
enerji istehsal etməyi hədəfləyib. Bunun həm dövlət
investisiyaları, həm də özəl sektorun investisiyaları hesabına nail
olunmaq nəzərdə tutulub.
Panel müzakirələrdə Orta Dəhlizin nəqliyyat-tranzit
potensialının artırılması üçün qarşıda duran çağırışlar və onların
həlli ilə bağlı fikir mübadiləsi aparılıb, dəhlizin regional
inteqrasiya və ölkələrin inkişafının dəstəklənməsində böyük
potensala malik olduğu qeyd olunub.
“Regionda Yaşıl Dəyər Zəncirlərinin Maliyyələşdirilməsi”
mövzunda keçirilən digər seminarda isə CAREC-in qlobal dəyər
zəncirləri ilə əlaqələrinin gücləndirilməsində regional
əməkdaşlığın rolu vurğulanıb, yaşıl dəyər zəncirlərininin
maliyyələşdirmə mənbələrinin səfərbər edilməsi imkanlarına dair
fikir mübadiləsi aparılıb və iqlimlə bağlı regional layihələrin
hazırlanmasına dəstək imkanları nəzərdən keçirilib.
Panel müzakirələrdə çıxış edən S.Şərifov bildirib ki, hazırda
iqlim dəyişikliyi ilə bağlı meydana çıxan çağırışlar yaşıl ticarəti
təşviq etmək üçün regional əməkdaşlığı daha da aktuallaşdırıb ki,
bu baxımdan CAREC platforması yaşıl dəyər zəncirlərinin inkişafını
dəstəkləmək üçün xüsusi potensiala malikdir. Nazir vurğulayıb ki,
enerji keçidi Azərbaycan kimi ölkələr üçün vacibdir, ölkələr
keçidin rahat və müəyyən məqsədə yönəlmiş olmasını təmin
etməlidir.
Azərbaycanın COP29-a ev sahibliyi etməkdən qürur duyduğunu
vurğulayan nazir deyib ki, bununla Azərbaycan dövləti iqlim
dəyişikliyinin mənfi fəsadları ilə mübarizəyə öz töhfəsini ortaya
qoyur və dünya ölkələrini bu həyati vacib amala səfərbər etmək
səylərini nümayiş etdirir: “İqlim maliyyələşməsi kimi iddialı
qlobal məqsədlərə çatmaq üçün maliyyə vəsaitinə ehtiyac duyulur.
Biz qlobal maliyyələşdirmə haqqında düşünməliyik və inanırıq ki,
Bakıda keçiriləcək konfrans buna töhfə verəcək. Maliyyə resursları
olmalıdır, biz hələ də bu resursların təmin edilməsi üsullarını,
mexanizmlərini müzakirə edirik”.
Maliyyə naziri CAREC Proqramı üzrə sessiya iştirakçılarını bu
ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP29-a dəvət
edib.
İllik Toplantının ilk günündə maliyyə naziri Samir Şərifov bir
sıra ikitərərəfli görüşlər keçirib. AİB-nin prezidenti Masatsuqu
Asakava ilə görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri ilə bağlı, xüsusilə nəqliyyat
və dəmiryol layihələrində iştiraka dair fikir mübadiləsi
aparılıb.
Qeyd olunub ki, cari ildə Azərbaycanla Bank arasında
əməkdaşlığın 25 illiyi qeyd olunacaq. Bankın Prezidenti bu
münasibətlə Azərbaycana səfər edəcəyini ifadə edib.
S.Şərifov böyük məmnuniyyətlə Masatsuqu Asakavanı noyabr ayında
Bakı şəhərində keçiriləcək qlobal iqlim dəyişikliyi ilə bağlı
müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına – COP29-a Azərbaycan dövləti adından dəvət edib və
dəvət qarşı tərəfdən qəbul olunub.
Gürcüstanın maliyyə naziri Laşa Xutişvili ilə keçirilən görüşdə
isə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi
aparılıb, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və
qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, habelə
beynəlxalq maliyyə təşkilatlarında əməkdaşlıq məsələləri müzakirə
edilib.
S.Şərifov AİB-nın Rəhbərlər Şurasının 57-ci İllik Toplantısına
yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə gürcü həmkarını
təbrik edib.



























