Advertisement

Azərbaycan və ACWA Power Batareya Enerji Saxlanc Sisteminə dair müqavilə imzaladı (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyi və ACWA Power şirkəti arasında 200 MVt-lıq
Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı icra
müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə
çərçivə müqaviləsi imzalanıb.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz
Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə
Əbdüləziz bin Salman Əl-Səudla çoxşaxəli enerji əməkdaşlığımızın
inkişafına və qlobal gündəliyin vacib məsələlərindən olan ədalətli
enerji keçidi, COP29 üzrə fəaliyyətimizə dair məhsuldar görüşümüz
oldu.

Bərpa olunan enerji layihələrinin icrasının sürətləndirilməsini,
neft emalı və neft-kimya məhsullarının təchizatı sahəsində
əməkdaşlığı razılaşdırdıq. Birgə Texniki Komitənin 3-cü iclasının
enerji əlaqələrimizi möhkəmləndirən nəticələrini
dəyərləndirdik.

Yaşıl enerji tərəfdaşlığımızı gücləndirən əməkdaşlıq sənədlərini
– Energetika Nazirliyi və ACWA Power şirkəti arasında 200 MVt-lıq
Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı icra
müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə
çərçivə müqaviləsini imzaladıq”.