
Bakı. Trend:
“GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylı
beynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq.
Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu
ilə 15-16 may tarixlərində keçiriləcək.
“GSMA M360” çərçivəsində rəqəmsal dövrün ən aktual
tendensiyaları gündəmə gətiriləcək. Konfransda süni intellekt,
kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsil
şəbəkələr, yaşıl texnologiyar və digər mövzular ətrafında fikir
mübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA)
mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin yeni dövrə
uğurlu adaptasiyası üçün lazımlı bacarıq və qabiliyyətlər haqqında
danışılacaq.
Ötən tədbirin olduqca səmərəli keçməsi sayəsində bu il konfransa
Microsoft, Google, Amazon Web Services, Word Bank, e&
International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və
digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər
qatılacaq. Konfransda həm regionun, həm də digər ölkələrin rəqəmsal
transformasiyasının sürətləndirilməsi üçün bazar iştirakçılarının
birgə fəaliyyətinin əhəmiyyəti bir daha vurğulanacaq.
Qeyd etmək lazımdır ki, COP29 ərəfəsinə təsadüf edən bu
konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG)
prinsiplərinə həsr olunmuş sessiya ilə başlayacaq. Bu sessiyada
rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri,
dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq
üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi
vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə
çatmaq üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitin
dayanıqlığına verdiyi töhfə barədə danışılacaq.
Tədbirdə maraqlı məruzələrin və panel iclaslarının baş tutması
gözlənilir. Eyni zamanda, konfrans yeni əməkdaşlıqların qurulması
üçün əla platforma rolunu oynayacaq. Bu da öz növbəsində daha
təhlükəsiz və dayanıqlı gələcəyin yaradılması istiqamətində
effektiv strategiyaların hazırlanmasına səbəb olacaq.
“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq bu
tədbirdə iştirak etmək üçün
GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək
olar.



























