
Tbilisi. Trend:
Asiya İnkişaf Bankı (AİB) transformasiya sahəsində innovativ
lider kimi seçilir.
Trend xəbər
verir ki, bu barədə Fletçer Məktəbinin (Tafts Universiteti) enerji
və ekoloji siyasət üzrə dekanı vəzifəsini müvəqqəti icra edən,
professor Kelli Sims Qallaher Tbilisidə AİB-in illik toplantıları
çərçivəsində keçirilən “AİB-in yol xəritəsi, 2030 strategiyasının
yenilənməsi” mövzusunda keçirilən panel müzakirəsində çıxışında
deyib.
“AİB-in həyata keçirməyə çalışdığı transformasiya qəliz
məsələdir. Fikrimcə, AİB bu problemi həll etməklə gələrək bu sahədə
innovativ lider kimi seçilir. İnanıram ki, transformasiya nadir
hallarda xarici sarsıntılar yolu ilə baş verir. Transformasiya
demək olar ki, həmişə daxildən gəlməlidir. AİB-in bəzi daxili
problemləri ilə məşğul olmaq qərarına gəlməsi faktı, məncə, əslində
həqiqi cəsarət əlamətidir. Birgə proqram çərçivəsində gördüyümüz
işlər AİB-in ölkə daxilində necə işlədiyi barədə düşünmək cəhdi ilə
başladı”, – o deyib.
Qallaher AİB-in bir çox siyasi və maliyyə həllərinə malik
olduğunu vurğulayıb.
“Lakin düşünürəm ki, bu problemin təməlində insanlar dayanır.
İnsanlar vərdişlərə köklənir, öyrəşdikləri kimi hərəkət edirlər,
çünki bütün karyeraları boyu bunu ediblər. Hesab edirəm ki, bizim
birgə proqramda məqsədimiz AİB-in necə fərqli düşünə biləcəyi,
fərqliliklərə baxmayaraq birgə işləmək və yeni həllər tapmaq barədə
düşünməkdən ibarət idi. Geri çəkilmək və bu barədə düşünmək cəsarət
tələb edir. AİB-ə, komandalara bu işdə uğur qazanmaq üçün imkan
yaratmağa çalışmaq istədik. Beləliklə, proqramla bağlı iki əsas
hədəfimiz iqlim barədə biliklərin öyrədilməsi ilə liderlik və
transformasiya dəyişikliyi öyrədilməsinin inteqrasiyası və
problemin həlli üçün bu iki amili birləşdirmək cəhdi idi. Sonra isə
yeni fəaaliyyət metodları ilə AİB daxilində əməkdaşlıq və
sistemlərarası düşüncə mədəniyyəti yaradılmalıdır. Bu, həqiqətən də
komanda işinə gətirib çıxardı”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























