
Tbilisi. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla “yaşıl” gündəm üzrə aktiv
şəkildə çalışır.
Bu barədə Trend-in sualına cavab olaraq Asiya İnkişaf Bankının
(AİB) Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov
AİB-in Tbilisidə keçirilən illik toplantıları çərçivəsində
brifinqdə deyib.
“Azərbaycan hökuməti 2030-cu ilə qədər elektrik enerjisinin 30
faizini bərpa olunan mənbələrdən istehsal etmək niyyətini
açıqlayıb. Biz bu məsələ üzrə hökumətlə çox sıx əməkdaşlıq edirik.
Bu yaxınlarda AİB “Masdar” şirkəti ilə birlikdə 230 meqavatt
gücündə nəhəng günəş elektrik stansiyasına investisiya qoyub”, – o
deyib.
Onun sözlərinə görə, bu il AİB və Azərbaycan daha bir neçə belə
layihə üzrə əməkdaşlığa başlandığını bəyan edə biləcəklər.
“Ötən ay yerli direktorla oranı ziyarət etməyə nail oldum. Bu,
həqiqətən də, 550 hektarlıq möhtəşəm layihədir, burada robotlar hər
axşam günəş panellərini təmizləyir, günəş panelləri isə avtomatik
olaraq günəşə doğru çevrilir. Stansiya, həqiqətən də, tam gücü ilə
işləyir. Azərbaycanda bu cür layihələrə sərmayə qoymaq üçün daha
çox imkanlar axtarırıq. Fikrimcə, bu il bizim bir neçə anonsumuz
olacaq”, – deyə Yevgeni Jukov qeyd edib.
Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB)
İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının
rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri
qonaqların iştirak etdiyi tədbirdir.
Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























