Advertisement

AİB CAREC ölkələrində iqlim maliyyələşdirməsindəki boşluqlarını aradan qaldırmaq üçün fond yaratmağı təklif edir

Tbilisi. Trend:

CAREC ölkələrində iqlim maliyyələşdirməsindəki boşluqları aradan
qaldırmaq üçün çoxdonorlu trast fondunun yaradılması təklif
olunur.

Trend xəbər
verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi
Asiya üzrə Regional Əməkdaşlıq şöbəsinin rəhbəri Ləzizə Sabirova
Tbilisidə keçirilən illik toplantıları çərçivəsində brifinqdə
deyib.

“Təklif olunan çoxdonorlu trast fondu CAREC ölkələrində
infrastrukturda və iqlim maliyyələşdirməsindəki boşluqlarının həlli
və azaldılması, eləcə də, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) və
Paris İqlim Sazişinin məqsədlərinin əldə edilməsini sürətləndirmək
üçün nəzərdə tutulub”, – o deyib.

Onun sözlərinə görə, artıq Koreya Respublikası və AİB arasında 3
milyon ABŞ dolları dəyərində vəsaitin qrant resursları formasında
ayrılmasını nəzərdə tutan niyyət məktubu imzalanıb.

“Məqsəd DİM-lə əlaqəli iqlim və digər aspektlərin ənənəvi və
inkişaf etməkdə olan sektorlardakı regional layihələrə əlavə
edilməsi üzrə imkanları, eləcə də, regional, o cümlədən,
transsərhəd iqlim nəticələri ilə əlaqədar layihələrdə əməkdaşlığı
genişləndirmək yolu ilə DİM və iqlimlə əlaqəli rentabelli regional
layihələrin hazırlanmasına dəstək göstərməkdən ibarətdir”, – o
deyib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB)
İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının
rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri
qonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun