
Tbilisi. Trend:
Azərbaycanın dəmir yolu nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsi layihələri üçün vəsaitin cəlb edilməsi
gözlənilir.
Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB)
illik toplantısı çərçivəsində jurnalistlərə Azərbaycanın maliyyə
naziri Samir Şərifov bildirib.
“Azərbaycanın Asiya İnkişaf Bankı ilə həyata keçirdiyi layihələr
bir sıra sektorları əhatə edir. Bunlar həm mobillik, həm də
infrastruktur layihələridir. Söhbət əsasən nəqliyyat
infrastrukturundan gedir. Dəmir yolu nəqliyyatı infrastrukturunun
təkmilləşdirilməsi, Azərbaycanda dəmir yolu nəqliyyatının
rəqəmsallaşdırılması və bu proseslərin idarə olunması üçün müəyyən
layihələrə vəsait ayrılması nəzərdə gözlənilir”, – deyə nazir qeyd
edib.
Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi üçün
vəsaitin toplanmasından danışan S.Şərifov qeyd edib ki, Azərbaycan
bir dövlət olaraq bu prosesdə fəal iştirak etmir:
“Hesab edirik ki, bu layihədə kifayət qədər varlı səhmdarlar
var. Layihə işləyir, pul gətirir, yəqin ki, dövlət dəstəyi olmadan,
dövlətin iştirakı olmadan özləri vəsait cəlb edə biləcəklər”.



























