Advertisement

Nazir büdcədə nəzərdə tutulan neftin qiymətinin artırılması barədə – Heç nəyi istisna etmək olmaz

Tbilisi. Trend:

Azərbaycanın maliyyə naziri Samir Şərifov büdcədə nəzərdə
tutulan neftin qiymətinin artırılmasının mümkünlüyündən
danışıb.

Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən illik
toplantısı çərçivəsində bu ilin birinci rübündə Azərbaycan neftinin
qiymətinin 60 dollardan yuxarı olması fonunda büdcədə neftin
qiymətinin artırılmasının mümkünlüyü ilə bağlı Trend-in sualını
cavablandıran nazir qeyd edib ki, heç nəyi istisna etmək olmaz.

“Bir qayda olaraq, təxminən ilin ortalarında biz ötən dövrün,
yəni dörd ayın nəticələrini nəzərdən keçiririk. Nəticələr pis
deyil. Ümumi daxili məhsulun artımı qeyri-neft sektorunda kifayət
qədər yüksəkdir. Müvafiq olaraq, neft sektorundan həm vergi
daxilolmalarından, həm də gömrük daxilolmalarından yaxşı əlavə
gəlirlər var”, – deyə o bildirib.

S.Şərifov vurğulayıb ki, neftin qiyməti büdcədə nəzərdə
tutulandan bahadır:

“Müvafiq olaraq, neft sektorundan əlavə gəlirlər də nəzərə
alınacaq. Neftdən əlavə, qazdan da gəlirimiz var. Qaz sektorunda
beynəlxalq bazarlarda qiymətlər çox dəyişkəndir. Yəni çox yüksək
qiymətlər olur, sonra da kəskin ucuzlaşır. Son zamanlar qazın
müəyyən qiymətləri ucuzlaşmağa başlayıb. Bunu nəzərə alaraq bu gün
müəyyən hesablamalar aparılır. Və buna görə də, adət olaraq, əlavə
gəlir olanda və bu gəlirləri ölkənin makroiqtisadi sabitliyinə,
ortamüddətli, makro-iqtisadi sabitliyə, ölkənin makrofiskal
dayanıqlığına xələl gətirmədən həyata keçirilməsi lazım olan
layihələrə sərf etmək mümkün olarsa, bu halda müvafiq qərarlar
qəbul edilir. Hesab edirəm ki, bu dəfə yəqin ki, lazımi səviyyədə
belə bir qərar veriləcək”.