Advertisement

“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizdə əlvan və
qara metal filizi yataqlarının kəşfiyyatı, resurslarının
qiymətləndirilməsi, istismara cəlb edilməsi, fəaliyyətdə olan
mədənlərin resurs potensialının artırılması məqsədilə aktiv və
çoxprofilli geoloji tədqiqatlarını davam etdirir. Tədqiqatlar 3
istiqamətdə – QSC-nin idarəetməsinə verilən filiz sahələri; ölkə
ərazisində ümumi geoloji axtarış proqramı; Qarabağ və Şərqi
Zəngəzurda mineral xammal ehtiyatlarının monitorinqi, təftişi,
axtarışı, qiymətləndirilməsi üzrə həyata keçirilir.

Birinci istiqamət üzrə hazırda “AzerGold” QSC Balakən rayonunda
yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal
yatağında optimal emal və zənginləşdirmə metodologiyasının
müəyyənləşdirilməsi üçün metallurji, eyni zamanda Naxçıvan Muxtar
Respublikasının Culfa rayonu ərazisində yerləşən “Ortakənd” qızıl
yatağında aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi
qiymətləndirilməsi və açıq üsulla filizçıxarma parametrlərinin
optimallaşdırılması üzrə tədqiqatlar aparır. Bununla yanaşı,
Naxçıvan Muxtar Respublikasının dağətəyi sahələrində, eləcə də
Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında aktiv geoloji tədqiqatlar
aparılır. Perspektivli sahələrin daha qısa vaxtda
müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə
qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar
üzrə aparılması məqsədilə Qafqaz regionunda ilk dəfə olaraq
qeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri və
aeroelektromaqnetik tədqiqat üsullarından istifadə edilir. Yüksək
effektlə tətbiq edilən bu tip axtarış-qiymətləndirmə işləri
çərçivəsində 2022-ci ildə “AzerGold” QSC tərəfindən Şərqi
Zəngəzurun Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624
km2
sahəsində hiperspektral peyk çəkilişləri
həyata keçirilib.

Digər geoloji fəaliyyət istiqaməti üzrə, Azərbaycan Respublikası
Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq
“AzerGold” QSC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkə
ərazisində ümumi geoloji axtarış işlərinin icrasını davam etdirir.
Ötən illərdə Ekologiya və Təbii Sərvətlərin Nazirliyi ilə birgə
ölkə üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı
məlumat arxivi yenilənib, SSRİ dövründə aparılmış geoloji kəşfiyyat
işləri barədə toplanan statisik məlumatlar elektronlaşdırılıb,
geoloji xəritə və qrafik əlavələr isə rəqəmsallaşdırılıb.
Beləliklə, hər bir yataq üzrə məlumat bazası yaradılıb. Bununla
belə, SSRİ dövrünə aid məlumatların müasir dövrün texnoloji
potensialını, yüksək metal qiymətlərini tam əks etdirməməsi ölkə
ərazisində yenidən geoloji tədqiqatların aparılmasını zəruri edib.
Bu məqsədlə Səhmdar Cəmiyyət 2024-cü ilin 1-ci rübündə Naxçıvan
Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarını əhatə
edən 2566 km2 sahədə hiperspektral peyk
çəkilişlərinin icrasına başlayıb. Həmçinin Daşkəsən, Göygöl və
Goranboy rayonlarının ərazilərini əhatə edən 1890
km2
sahədə helikopter vasitəsilə
aeroelektromaqnetik tədqiqatların aparılması üçün hazırlıq işlərinə
start verilib. Bundan başqa, növbəti illərdə Şuşa, Xocalı və Ağdərə
rayonlarında sözügedən metodlar vasitəsilə axtarış-qiymətləndirmə
işlərinə başlanılması nəzərdə tutulub. Ümumilikdə tədqiqatlar 3
mərhələ, o cümlədən axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat işləri
və dəqiq kəşfiyyat işlərini əhatə edəcək.

Sözügedən Sərəncama uyğun olaraq potensial minerallaşma
sahələrində aparılacaq tədqiqatlar nəticəsində yataqların geoloji
modelləri tərtib ediləcək, mövcud ehtiyatlar beynəlxalq JORC (Joint
Ore Reserves Committee – Birgə Filiz Ehtiyatları Komitəsi)
standartlarına uyğun yenidən hesablanacaq, bununla perspektivli
minerallaşma sahələri müəyyənləşdiriləcək. Yataqlar üzrə əhatəli
tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar hasilat
prosesinin təşkili məqsədilə dövlət tərəfindən seçiləcək
əməliyyatçı şirkət-investora təqdim ediləcək.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16
noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineral
xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı,
qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub.
“AzerGold” QSC 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı
çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii
sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadə
edilməsi istiqamətində dövlətin yürütdüyü siyasətə dəstəyini
göstərməyə davam edir.

Sənaye əhəmiyyətli resurslara malik yeni yataqlar dövlət
tərəfindən milli operator şirkəti olan “AzerGold” QSC-nin
idarəetməsinə həvalə olunduqda, istismar fəaliyyətinin bir hasilat
sahəsindən yeni sahələr üzrə şaxələndirilməsinə, nəticə etibarı ilə
şirkətin iqtisadi inkişaf tempinin bərpasına və qorunmasına səbəb
olacaqdır.