Advertisement

İstanbulda ən yaxşısına ümid edirik – Aleksandr Tarakanov

Bakı. Trend:

Güləşçilərim çox yaxşı formadadırlar.

Trend xəbər verir ki, bunu
İdman.biz
yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr
Tarakanov deyib.

Təcrübəli mütəxəssis mayın 9-12-də İstanbulda keçiriləcək Dünya
Olimpiya Təsnifat Turnirinə hazırlıqların yüksək səviyyədə davam
etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyədə komandadan çoxu
lisenziya qazanacaq: “Ən yaxşısına ümid edirik. Ona görə hər biri
çox yaxşı hazırlaşıb və vəsiqə almaq əzmindədirlər. Həm texniki,
həm də fiziki olaraq yaxşı təlim-məşq toplanışları keçmişik. Ən
yüksək nəticəyə köklənmişik”.

Tarakanov bildirib ki, son lisenziya yarışı olduğu üçün gərgin
mübarizə gedəcək: “Güləşçilərimiz zəif deyillər. Onlar qələbəyə və
lisenziyaları almağa hazırlaşırlar. Gördüyümüz işə görə ən yaxşı
nəticəni gözləyirik. Necə deyərlər, biz ümid edirik, Allah qərar
verir. Heyətdə müəyyən dəyişikliklər etmişik. Sınaq görüşləri
keçirmişik. Bu qarşılaşmalara əsasən də komanda təşkil etmişik.
Onların hər biri yaxşı formadadırlar”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz aktivində 2
lisenziya olduğundan İstanbulda 4 güləşçi ilə təmsil olunacaq.
Paris-2024-ə vəsiqələr uğrunda Murad Məmmədov (60 kq), Rafiq
Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq)
mübarizə aparacaqlar.