Advertisement

İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi

Bakı. Trend:

İstehsal ilə məşğul olan KOB subyektlərinin inkişafına
dəstək məqsədilə bu ilin mart ayında daha bir dəstək mexanizminin
tətbiqinə başlanılıb. Azərbaycan Texniki Universitetində (AzTU)
sahibkarların istifadəsinə verilmiş KOB Model Müəssisəsinin işi,
biznes üçün faydası barədə suallarımızı Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) şöbə müdiri Elməddin Hacıyev
cavablandırıb.

Model müəssisə nədir?

Model müəssisə – kiçik və orta sənaye müəssisələrinin səmərəli
və rəqabətqabiliyyətli olmasına imkan verəcək qənaətli idarəetmə
üsullarına əsaslanan tədris və təcrübə mərkəzidir. Model
müəssisənin məqsədi yalnız müəssisələrdə səmərəli və qənaətli
istehsalın təşviqi deyil, həm də mümkün qədər çox kiçik və orta
biznes subyektlərini təlim və layihələrin həyata keçirilməsi
sahəsində məsləhət dəstəyi ilə təmin etməklə qənaətli
transformasiya prosesinin genişləndirilməsidir. Bu istiqamətdə
model müəssisə tədris-təcrübə mərkəzi kimi fəaliyyət göstərir.
Model müəssisənin imkanlarından faydalanan KOB subyektlərinin
mühəndisləri və texniki heyəti qənaət üsullarını təcrübə əsnasında
öyrənir və bu metodları öz şirkətlərində tətbiq edirlər. Bu isə həm
işçilərin, həm də şirkətin məhsuldarlıq və rəqabətqabiliyyətlilik
üzrə bacarıqlarını artırır.

Bu ilin mart ayında Azərbaycan Texniki Universitetində (AzTU)
fəaliyyətə başlamış KOB Model Müəssisə də eyni məqsədlə yaradılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış KOB Model Müəssisədə
ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real
biznes prosesini əyani müşahidə etmək mümkündür. “Görmə, eşitmə və
icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən Model Müəssisə
zəruri avadanlıqlarla təchiz olunub ki, bu da nəzəri biliklərin
təcrübədə sınaqdan keçirilməsinə, müasir texnoloji avadanlıqların
fəaliyyətini əyani görməyə, istehsal prosesində resursa, vaxta və
xərclərə qənaət üsullarını öyrənməyə imkan verir.

Model müəssisələrin digər mərkəzlərdən fərqi
nədir?

Model müəssisənin biznesin səmərəliliyini və
rəqabətqabiliyyətini artırmaq üçün formalaşdırılmış digər
mərkəzlərdən əsas fərqi onların tədbiqi təcrübə əsasında öyrənmə
üsullarından istifadə etməsidir. Burada nəzəriyyə və praktiki
tədris proqramının birləşdirilməsi nəticəsində bilik və səriştə
qazanılmasının qalıcı olması hədəflənir. Model müəssisədə tədris
olunan nəzəri və praktiki təlimlər şirkət nümayəndələrinə
öyrəndiklərini real iş mühitində tətbiq etmək imkanı verir.

Model müəssisənin təlim və proqramlarından sahibkarlar
hansı faydanı əldə edirlər?

Model müəssisədə tədris olunan təlim proqramı bir neçə moduldan
ibarət olmaqla, qənaətli istehsal, resurslardan və xammaldan
səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal
prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal
prosesində bərabər paylaşdırılması və s. mövzuları əhatə edir. KOB
Model Müəssisənin təlimçiləri tərəfindən “Kaizen”, “Six Sigma”,
“5S”, “ΚΡΙ-ΚΑΙ” və s. kimi strategiya və modellərə dair mövzular
tədris olunur və tətbiqi sınaqdan keçirilir.

Aydın təsəvvürün formalaşması üçün KOB Model Müəssisəsində
tədris olunan bir sıra mövzular üzərində dayanmaq istərdim.
Məsələn, mərkəzdə 5S strategiyası tədris olunur. Bu strategiya iş
yerinin səmərəliliyini artıran və tullantıların aradan
qaldırılmasına kömək edən istehsal alətidir. 5S-ə daxil olan hər
bir element müəssisədə işin gecikməsi və ya planlaşdırılmamış vaxt
itkisi səbəbindən məhsuldarlığın azalmasının qarşısını alır.

Mərkəzdə sahibkarlara “Six Sigma” da tədris olunur. Bu, prosesin
dəyişkənliyini azaltmaq və şirkət tərəfindən təqdim olunan məhsul
və ya xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyan
metodoloji yanaşma və davamlı təkmilləşdirmə strategiyasıdır. Bu
strategiyanın tətbiqinin dünyanın bir çox şirkətində keyfiyyətin
yaxşılaşdırılması, xərclərin azaldılması və müştəri məmnuniyyətinin
artırılmasında effektivliyi sübut edilib.

Və ya “Kaizen” sistemini götürək. Bu sistemin mahiyyəti
istehsalat sektorunda xətaları azaltmaq, itkiləri aradan qaldırmaq,
məhsuldarlığı artırmaq, işçiləri məqsədli olmağa və hesabat verməyə
həvəsləndirmək, yenilikləri tətbiq etməkdir.

KOB Model Müəssisədə təlim və praktiki tədbiq vasitəsilə
istehsal müəssisələrinə yalın istehsal və onun alətlərinin
öyrədilməsi ilə yalın istehsal mədəniyyətinin əsası da qoyulur.
Bununla da bütün işçilərə problem həll etmə mədəniyyəti aşılanır,
məhsul və xidmətlərin formalaşdırılması prosesində itkilər aradan
qaldırılır, təklif olunan dəyər azaldılmaqla şirkətin gəlirliliyi
artır. Yalın istehsal vasitələrindən biri olan “Poka-yoke”
texnikası da model müəssisədə tədris olunan üsullardandır. Bu
üsulun tətbiqi müəssisədə səhvlərin qarşısını əvvəlcədən almağa,
beləliklə də qüsurlu məhsulların miqdarının azalmasına və müştəri
məmnuniyyətinin yüksəlməsinə imkan verir.

Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmiş
şirkət nümayəndələrinə sonrakı mərhələlərdə də Model Müəssisənin
heyəti və təlimçiləri tərəfindən dəstək davam etdirilir.

Təlimçilər kimlərdir?

Model müəssisədə təlim və məsləhət xidmətləri bu proses üçün
cəlb olunmuş xüsusi komanda tərəfindən həyata keçirilir. Ancaq
qarşıdakı dövrdə prosesə AzTU-nun akademik heyəti, iş dünyasının
təcrübəli ekspertlərinin cəlb olunması da nəzərdə tutulur.

Praktiki təlimlər model müəssisənin təlim zallarında və istehsal
sahəsində keçirilir. Əlavə təlim və məsləhət xidmətləri isə
müəssisələrin öz sahələrində təşkil olunur.

İndiyədək nə qədər sahibkar KOB Model Müəssisənin
imkanlarından faydalanıb?

Fəaliyyətə başladığı gündən indiyədək sənaye sahəsində fəaliyyət
göstərən 20 sahibkar və ya onların əməkdaşları model müəssisənin
imkanlarından faydalanıblar.

KOB Model Müəssisənin fəaliyyətindən gözlənilən
nəticələr nələrdir?

Qeyd etdiyimiz kimi model müəssisə digər konsultasiya
modellərdən və nəzəri təlimlərdən fərqli olaraq tərkibində praktiki
öyrənmə prosesini ehtiva edir. Məşhur filosof Konfutsinin dediyi
kimi, “Mənə desən unudaram, mənə öyrətsən xatırlayaram, məni işə
cəlb etsən öyrənərəm” sözlərinə uyğun olaraq, model müəssisə də
bütünləşmiş tətbiqi tədris metodologiyasını dəstəkləyir.

İştirakçı şirkət nümayəndələri öyrəndiklərini dərhal sonra
müəssisədə tətbiq edirlər. Onlar model fabrik mentorlarının
nəzarəti altında öz bizneslərində yalın istehsal alətləri və ya
əməliyyat səmərəliliyi alətlərini tətbiq etməklə səriştəli şəxslərə
çevrilirlər. Praktiki öyrənmə prinsiplərinə əsaslanan KOB Model
Müəssisə insanların təcrübi öyrənmə səriştələrini davamlı edərək
uzunmüddətli perspektivdə onların bacarıqlarını və nailiyyətlərini
artırmasını hədəfləyir.

Model Müəssisənin xidmətləri ödənişlidirmi?

KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütün
xidmətlər, o cümlədən təlim, məsləhət xidmətləri ödənişsizdir. Qeyd
etdiyimiz kimi KOB Model Müəssisə sahibkarlara dəstək məqsədilə
yaradıldığı üçün biznes subyektlərindən heç bir ödəniş tələb
olunmur.

KOB Model Müəssisəsinin imkanlarından kimlər istifadə
edə bilər və bunun üçün hara müraciət etmək lazımdır?

Model müəssisənin xidmətlərindən istifadə etmək istəyən
sahibkarlıq subyektləri istehsalat ilə məşğul olmalı, istehsalatda
və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək və
tətbiq etmək istəyində olmalıdırlar.

KOB Model Müəssisənin imkanlarından faydalanmaq istəyən
sahibkarlar KOBİA-ya, eləcə də model müəssisənin sosial media
hesabları vasitəsilə müraciət etməlidir. KOBİA-ya daxil olan
müraciətlər müvafiq bazaya əlavə edilir və tələblərə cavab verən
sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildə
təlimlərə cəlb olunurlar.

Model Müəssisə tərəfindən keçirilən təlimlərdə sahibkarlarla
yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu
fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər.