Advertisement

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılması iqtisadiyyata nə verəcək? – ŞƏRH

Bakı. Trend:

Xəbər verdiyimiz kimi,“Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən
yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi
barədə qanun imzalanıb.

Sənədə əsasən, 2024-cü il fevralın 19-da Ankara şəhərində
imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın
qarşısının alınması haqqında Saziş” təsdiq edilib.

Bu saziş iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirir.
Vergi təşviqi və vergidən yayınmanın qarşısının alınması,
şirkətlərə daha çox investisiya etmək və iştirak etmək imkanı
yaradır. Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilər
sahəsindəki bu sazişin, iqtisadi əməkdaşlığı gücləndirəcəyini və
iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyini gözləmək
mümkündür.

Məsələni Trend-ə şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov
bildirib ki, Türkiyə ölkəmizin belə saziş bağladığı 56-cı ölkə
oldu.

“Sazişə əsasən qeyri-rezidentlər bir ölkənin ərazisində
fəaliyyət göstərib gəlir əldə edərkən həmin ölkənin
qanunvericiliyində nəzərdə tutulmuşa qədər vergi verir. Daha sonra
öz ölkəsinin qanunvericiliyi ilə nəzərdə tutulmuş gəlir vergisi
verir. Bu saziş imzalandıqda isə həmin qeyri-rezident öz ölkəsinə
döndüyü zaman ölkəsində bu vergidən azad olur. Yəni, qeyri-rezident
bir dəfə vergi verir. Bu isə birmənalı olaraq hər bir ölkə üçün
sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa münbit şərait yaradan əsas
faktorlardan biridir. Əsas da xarici sahibkarların
(qeyri-rezidentlərin) ölkədə fəaliyyətini stimullaşdırır. Bu qanun
türk iş adamlarının qeyri-rezident olaraq fəaliyyətini
stimullaşdıracaq. Eyni zamanda Azərbaycan sahibkarların da
fəaliyyəti stimullaşdırılacaq. Bu hər iki ölkə üçün ticarət
dövriyyəsinin artımına, investisiya mühitinin yaxşılaşmasına,
məşğulluğun artırılmasına öz töhfəsini verəcək”, – deyə o, qeyd
edib.