
Bakı. Trend:
Yunanıstanın “Panatinaikos” klubu baş məşqçisi Fatih Terimlə
yollarını ayırmaq qərarına gəlib.
Trend xarici mətbuata istinadən xəbər verir ki, buna komandanın
Superliqanın pley-off mərhələsindəki uğursuz çıxışı səbəb olub.
Ardıcıl məğlubiyyətlərdən sonra çempionluq şanslarını xeyli
azaldan Afina təmsilçisi 71 xalla üçüncü pilləyə geriləyib.
İddiaya görə, klub rəhbərliyi növbəti mövsüm üçün yeni baş
məşqçi axtarışındadır. Klub 70 yaşlı mütəxəssisi vaxtından əvvəl
istefaya göndərsə, ona 1 milyon 100 min avro təzminat
ödəməlidir.
Qeyd edək ki, Fatih Terim “Panatinaikos”la ötən ilin dekabr
ayında 1,5 illik müqavilə imzalayıb. Komanda onun rəhbərliyi
altında meydana çıxdığı 25 rəsmi oyunda 14 qələbə, 6 heç-heçə və 5
məğlubiyyətlə yadda qalıb.





























