Bakı. Trend:
Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biri də
bəlli olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Almaniya mətbuatı AFFA-nın Ştefan Kuntsun
yığmaya gətirmək istədiyini iddia edir.
Qurum rəhbərliyi 62 yaşlı mütəxəssislə ciddi maraqlanır. Kunts
həm də baş məşqçi axtarışında olan “Bavariya”nın da siyahısında yer
alıb.
Lakin təcrübəli mütəxəssis klubda çalışmağa meylli deyil.
Yığmada çalışmaq istəyən Kunts Azərbaycan deyil, Kanadanı seçməyə
yaxındır. O, şimali amerikalılarla təyinatı ilə bağlı konkret
danışıqlar aparır.
Kuntsun son iş yeri Türkiyə millisi olub. O, 2021-ci ilin
sentyabrından 2023-cü ilin sentyabrına qədər “ay-ulduzlular”a
rəhbərlik edib.
Qeyd edək ki, Kunts baş məşqçi karyerasında Almaniyanın U-21 və
U-23 yığmalarını, həmçinin aşağı liqa klublarını da çalışdırıb. O,
U-21-lə iki dəfə Avropa çempionu, bir dəfə gümüş mükafatçı
olub.




























