
Bakı. Trend:
Beynəlxalq Enerji Agentliyi (IEA) COP29 formatında ilk yüksək
səviyyəli dialoqun keçirilməsini səbirsizliklə gözləyir.
Trend xəbər
verir ki, bu barədə IEA-nın icraçı direktoru Fatih Birol “X”
platformasında məlumat paylaşıb.
“COP29-un prezidenti Muxtar Babayevlə birgə mayın 15-də Parisdə
COP29 formatında ilk yüksək səviyyəli dialoqun keçirilməsini
səbirsizliklə gözləyirik. Enerji və iqlim sahəsində dünya liderləri
COP28-in nəticələrinin reallaşdırılması və Bakı üçün gündəliyin
müəyyənləşdirilməsini müzakirə etmək üçün IEA-nın baş ofisində
toplaşacaq”, – deyə o yazıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























