Advertisement

ARDNF fond indekslərinə investisiya qoymaqla 5 milyard dollardan çox gəlir əldə edib (Özəl)

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) fond indekslərinə sərmayə
qoyduqdan sonra beş milyard dollardan çox gəlir əldə edib.

Bu barədə özəl olaraq ARDNF-dən Trend-ə bildiriblər.

Məlum olduğu kimi, 2012-ci ildən başlayaraq Azərbaycan Dövlət
Neft Fondu (ARDNF) investisiya portfelini şaxələndirmək məqsədilə
səhm indeksləri vasitəsilə səhmlərə investisiya qoymağa başlayıb.
Bu strategiyanın tətbiq edilməsindən bəri 31 mart 2024-cü il
tarixinə gəlir 5,3 milyard dollar və ya 226 faiz təşkil edib.
Xüsusi vurğulanmalıdır ki, ARDNF bütün növ aktivlər, o cümlədən
səhmlər üzrə investisiya portfelinin şaxələndirilməsinə böyük
əhəmiyyət verir.

Fond qeyd edib ki, əksər institusional investorlar, o cümlədən
ARDNF, suveren fondlar və pensiya fondları, listinq edilmiş
səhmlərə investisiya qoyarkən passiv idarəetmə strategiyasından
istifadə edirlər.

Qeyd edək ki, ARDNF-nin fond indeksi strategiyası müəyyən
şirkətlərin səhmlərinin aktiv seçimini deyil, 1400-dən çox
şirkətdən ibarət qlobal indeksə daxil olan bütün səhmlərə onların
bazar kapitallaşmasına mütənasib olaraq passiv investisiya
qoyuluşunu nəzərdə tutur.

“Bu strategiya individual şirkətlərin səhmlərinə investisiya
etmək əvəzinə, “MSCI World” kimi xüsusi səhm indekslərini izləməyi
nəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks
olan “MSCI World” indeksi 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə
1465 şirkətin (bu şirkətlərin toplam bazar kapitalizasiyası 70
trilyon ABŞ dollarına yaxındır) səhmlərini özündə birləşdirir”, –
deyə qeyd olunub.

“MSCI World” indeksinin izlənilməsi üzrə göstəricilər
(31 mart 2024-cü il tarixinə)

Qeyd etmək lazımdır ki, “MSCI World” indeksini izləməklə yanaşı,
ARDNF-nin 1,6 milyard ABŞ dolları həcmində hissəsini “MSCI Europe
ex UK” indeksini izləyən portfel və nağd vəsaitlər təşkil edir.

“Son zamanlarda mediada çıxan xəbərlərlə əlaqədar olaraq
bildirmək istərdik ki, Tesla və İntel səhmləri ARDNF-nin portfelinə
daxil edildikdən sonra (İntel səhmləri 2012-ci ildən – portfel
yarandığı gündən, Tesla isə 2013-cü ildən – “MSCI World” indeksinə
daxil olunduğu tarixdən etibarən) həmin səhmlərin ARDNF-nin
portfelindəki çəkiləri MSCI indeksindəki eyni səhmlərin çəkilərinə
uyğun olub. Ümumiyyətlə, səhm indeksi hər hansı region, ölkə,
sektor və digər amillər üzrə birjada kotirovka olunan şirkətləri
ehtiva etməklə müvafiq bazarı özündə əks etdirən səhm toplusudur.
Bu indekslərə nümunə olaraq “S&P 500” (ABŞ səhm bazarının 500
ən iri həcmli şirkəti), “STOXX Europe 600” (Avropanın inkişaf etmiş
ölkələrinin 600 kiçik, orta və iri həcmli şirkəti), “NASDAQ 100
Technology Sector” (100 ən böyük texnologiya şirkəti) göstərmək
olar”, – deyə Fonddan qeyd ediblər.

“MSCI World” indeksinin ölkələr və sektorlar üzrə
bölgüsü (31 mart 2024-cü il tarixinə)

“Qeyd edək ki, passiv idarəetmə çərçivəsində indeksin
izlənilməsi dedikdə, indeksə daxil olan səhmlərə onların indeksdəki
çəkilərinə müvafiq olaraq investisiya etməklə səhm portfelinin
qurulması nəzərdə tutulur. Əlavə olaraq bildirmək istərdik ki,
ARDNF Birja ticarəti fondları (ETF – Exchange Traded Funds) və ya
müştərək fondlara (mutual funds) yatırım etmir, indeksə daxil olan
şirkətlərin səhmlərini birbaşa alır”, – deyə ARDNF-dən
bildiriblər.

ARDNF-nin İnkişaf etmiş ölkələrdə kotirovka olunan səhm
investisiyaları üzrə əsas göstəricilər və gəlirlilik (31 mart
2024-cü il tarixinə)

İnvestisiya edilən vəsait

7,1 milyard ABŞ dolları

Gəlir

5,3 milyard ABŞ dolları

Cari dəyər

12,4 milyard ABŞ dolları

Portfelin yaranma tarixindən gəlirlilik

226%

“Bir daha vurğulamaq istərdik ki, ARDNF individual səhmləri
seçməklə spekulyativ və ya riskli strategiyanı deyil, bir çox
institusional investorlar kimi daha konservativ, diversifikasiyanı
təmin edən passiv idarəetmə strategiyasını həyata keçirir”, – deyə
bildirilib.