Advertisement

Ankarada Azərbaycan və Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakı. Trend:

Mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Nazirlər Kabintindən Trend-ə verilən məlumata görə, Azərbaycanın
Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Cevdet
Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq
dövlət qurumlarının rəhbərliyi iştirak edib.

İclasda Azərbaycan ilə Türkiyə arasında münasibətlərin
Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri
nəticəsinə bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək
zirvəsinə çatdığı bildirildi.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərilən
siyasi-mənəvi dəstəyə görə Türkiyənin rəhbərliyinə və bütün qardaş
türk xalqına dərin təşəkkür ifadə olundu.

İki ölkənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, hər
zaman bir-birinin mövqeyini dəstəklədikləri vurğulandı.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına böyük önəm verdiyi
diqqətə çatdırıldı. Bildirildi ki, Prezident İlham Əliyevin andiçmə
mərasimindəki nitqində bu təşkilat Azərbaycan üçün əsas beynəlxalq
qurum kimi dəyərləndirilmiş, TDT çərçivəsində səylərin davam
etdirilməsi hökumət qarşısında xarici siyasət prioriteti kimi
qiyulmuşdur.

Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusilə
iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji,
sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə
əlaqələrin inkişaf dinamikası təqdir edildi.

Türkiyənin Azərbaycanın həm idxalda, həm ixracda, həm də ticarət
dövriyyəsində əsas tərəfdaşlarından biri olmasından məmnunluq ifadə
olundu.
2023-cü ildə qarşılıqlı ticarətin 31% artaraq rekord 7,65 mlrd. ABŞ
dollarına çatdığı bildirildi, ticarət dövriyyəsi həcminin 15 mlrd.
ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindən
qoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgə
səy göstərmək əzmində olduqları bildirildi.

Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın iclaslarında
qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti
vurğulandı.
Preferensial Ticarət Sazişinin əhatə dairəsinin
genişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalanan
Fəaliyyət Planlarının icrasının ticarət dövriyyəsinin daha da
artmasına təkan verəcəyinə əminlik ifadə olundu.

Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində ərsəyə gələn nəhəng
layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında
mühüm rolu vurğulandı.

İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi enerji
gündəliyində duran aktual məsələlərdən biri kimi
dəyərləndirildi.

Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək
qiymətləndirilərək 2023-cü ildə iki ölkə arasında ümumi daşınmış
yüklərin həcminin 42,5% artdığı diqqətə çatdırıldı.

Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkənin tranzit imkanlarının
genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd
olundu. Dəmir yolunun genişləndirilmə işlərindən sonra yaxın
zamanda istismara verilməsi BTQ ilə daşınan yüklərin həcminin 5
milyon tona çatdırılmasına şərait yaradacaq.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu
əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu
layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulandı. Türkiyə
tərəfinin diqqətə çatdırıldı ki, Azərbaycan tərəfi artıq Naxçıvanda
müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə
başlayıb.

Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət
məcrada həll olunur. Azərbaycana daxil olan Türkiyə
avtodaşıyıcılarından alınan bəzi yol vergiləri və rüsumları ləğv
olunub. Eyni zamanda avtomobil daşımaları üçün mübadilə edilən
icazə blanklarının sayı əhəmiyyətli dərəcədə artırılıb.
İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı
əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu,
bərpa olunan enerji, kənd təsərrüfatı, su resurslarının idarə
edilməsi, xüsusilə Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizə,
COP29-a hazırlıq, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə
inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə
duran məsələlərə dair məruzələri dinlənildi.

Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet Yılmaz
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının
Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən
Fəaliyyət Planlını imzaladılar.
İki ölkə arasında həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində
əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında
ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına
dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd
Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə
mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi” və
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK)
Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu”
imzalandı.

Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və
Türkiyə Respublikasının Vitse-prezident Cevdet Yılmaz mətbuata
bəyanatlarla çıxış etdilər.