Bakı. Trend:
Qazaxıstan, Azərbaycan və Özbəkistan energetika sistemlərinin
inteqrasiyası və Avropa İttifaqı ölkələrinə yaşıl enerjinin
tədarükü üçün Xəzər dənizinin dibi ilə yüksəkvoltlu kabelin
çəkilməsi üzrə layihənin texniki-iqtisadi əsaslandırılması üzərində
işə başlayıblar.
Trend qazax mediasına istinadla xəbər verir ki, bu barədə mayın
10-da keçirilən brifinqdə Qazaxıstanın energetika naziri Almasadam
Satkaliyev bildirib.
Qazaxıstanlı nazir vurğulayıb: “Təmiz elektrik enerjisi almaqda
maraqlı olduqlarını bildirən Aİ ölkələri ilə ilkin işlər aparılıb.
Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə
yüksəkgərginlikli kabelin çəkilməsi haqqında Saziş imzalayıblar ki,
bu da bizə təmiz, bərpaolunan enerjini premium bazarlara çatdırmağa
imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyadan
gedir”.
Almasadam Satkaliyevin sözlərinə görə, Xəzərətrafı zonanın külək
potensialından və Aral zonasının elektirk enerjisinin ixracı üçün
imkanlarından istifadə etməyi planlaşdırırıq. O əlavə edib:
“Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işə
başlanılıb, ona uyğun olaraq tikinti müddətləri də müəyyən
ediləcək. Cari ilin sonunadək layihənin texniki-iqtisadi
əsaslandırılması üzrə ilkin nəticələr əldə olunacaq”.
Xatırladaq ki, mayın 1-də Azərbaycan, Özbəkistan və Qazaxıstanın
iqtisadiyyat və energetika nazirləri üç ölkənin enerji
sistemlərinin inteqrasiyasına dair Əməkdaşlıq Memorandumu
imzalayıblar. Memorandum Xəzər dənizinin dibi boyunca və digər
ölkələrin ərazisində yüksəkgərginlikli kabel çəkərək enerji
sistemlərinin birləşdirilməsi imkanlarının araşdırılmasını,
texniki-iqtisadi baxımdan ən optimal ticarətin həyata keçirilməsini
nəzərdə tutur, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistandan
yaşıl enerjinin Avropa İttifaqı ölkələrinə tədarükünü
hədəfləyir.



























