Bakı. Trend:
Bu gün AFFA-nın növbəti İcraiyyə Komitəsinin gündəliyi
açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, mayın 13-də keçiriləcək toplantıda
Azərbaycan millisinin baş məşqçisi məsələsi müzakirə
olunmayacaq.
Yığma ilə bağlı məsələ iclasın gündəliyində yer almayıb. Bu isə
o deməkdir ki, ən azı növbəti toplantıya qədər millimiz baş
məşqçisiz qalacaq. Yəni komanda hələ də məşqçi Arif Əsədovun
sərəncamında olacaq.
Komandamız iyunun əvvəlində Macarıstanda toplanışda olacaq.
Milli ayın 7-də Albaniya, 4 gün sonra Qazaxıstanla qarşılaşacaq.
Heyətin açıqlanması və toplanışın startı ilk oyundan bir neçə gün
əvvələ təsadüf edəcək.
Komitənin iclasından sonra təxminən üç həftə vaxt qalacaq. Bu
müddətdə üzvlərin yenidən bir araya gəlməsi və baş məşqçi təyin
etməsi real deyil. Ümumiyyətlə, İcraiyyə Komitəsinin bir ayda iki
dəfə toplanması nadir hallarda baş verir. Hətta oyuna qədər daha
bir iclas baş tutsa da, baş məşqçinin müzakirəsi və onun
təyinatının reallaşmasına çox az vaxt qalacaq. Bir sözlə, yığmanı
Macarıstana da böyük ehtimalla Əsədovun aparacağını gözləmək olar.
Təbii ki, AFFA-nın İcraiyyə Komitəsinin qısa müddətdə yenidən
toplanması və bu məsələni həll etməsi o qədər real olmasa da,
mümkünsüz də deyil.
Qeyd edək ki, millimiz Canni de Byazinin müqaviləsi başa
çatdıqdan sonra yarım ilə yaxındır baş məşqçisiz qalıb.





























