Advertisement

Kamran Nəbizadə IWF prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti
Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF)
prezidenti Məhəmməd Caludla görüşüb.

Trend xəbər verir ki, söhbət zamanı qurumlar arasında
münasibətlərin, dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin
möhkəmləndirilməsi müzakirə edilib, gələcəyə ümidlə baxıldığı ifadə
edilib.

Qeyd olunub ki, son zamanlar AAF tərəfindən aparılan işlər
ağırlıqqaldırmanın həm Azərbaycanda, həm də beynəlxalq arenada
inkişafına öz müsbət töhfəsini verməkdədir. AAF-ın vitse-prezidenti
Firdovsi Umudov bu idman növünün tərəqqisi istiqamətində beynəlxalq
təcrübənin öyrənilərək tətbiqinin vacibliyini vurğulayıb, müvafiq
addımların atılmasının zəruruliyini bildirib.

AAF rəhbərliyinin dəvəti ilə təşkil olunan səfər zamanı Məhəmməd
Caludun Azərbaycanda ağırlıqqaldırma infrastrukturu –
ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandalarının məşq bazaları,
orada yaradılan şəraitlə, həmçinin yarış və digər ağırlıqqaldırma
məkan və zalları ilə tanışlığı nəzərdə tutulub. Görüşlər zamanı
ağırlıqqaldırma idman növündə elmi tərəqqinin tətbiqi, bilavasitə
məşqçilərin, texniki rəsmilər və tibb personalının hazırlanması və
təcrübələrinin artırılması, yarışların beynəlxalq səviyyədə
təşkilinin təşviqi və digər məsələlər danışılacaq.