
Bakı. Trend:
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta
Dəhliz) Koordinasiya Platforması yaxın vaxtlarda işə salınacaq.
Bu barədə Trend-ə özəl müsahibəsində Avropa İttifaqının (Aİ)
Qazaxıstandakı səfiri Kestutis Yankauskas deyib.
“TBNM sanksiyalar altında olan ölkələri keçmədən Avropa və
Mərkəzi Asiya, Aİ və Çin arasında yüklərin daşınmasına imkan verir.
İnfrastruktur yaxşılaşmağa davam etdikcə, marşrut dəniz yolu ilə
müqayisədə daha sürətli çatdırılma müddətlərini təmin edəcəkdir.
Keçən il Avropa Yenidənqurma və İnkişaf Bankı Aİ tərəfindən
maliyyələşdirilən və Orta Dəhliz boyunca əsas “dar boğazları”
müəyyən edən tədqiqatı təqdim etdi. 2024-cü ilin yanvarında Aİ
Brüsseldə Orta Dəhliz boyu bütün ölkələr və potensial donorlar üçün
İnvestisiya Forumu keçirib. Forum zamanı infrastrukturun
modernləşdirilməsi və təkmilləşdirilməsi üçün 10 milyard avronun
ayrılmasına söz edilib. Bütün marşrut iştirakçılarını daha yaxşı
birləşdirmək üçün TBNM Koordinasiya Platforması tezliklə istifadəyə
veriləcək”, – deyə səfir bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin fəaliyyətini yaxşılaşdırmaq
üçün onun boyunca yerləşən bütün ölkələr fasiləsiz təchizatı təmin
etmək üçün birlikdə çalışmalıdırlar. Bu, təkcə Mərkəzi Asiya
ölkələrinə deyil, Cənubi Qafqaz ölkələrinə və Türkiyəyə də
aiddir.
Kestutis Yankauskas həmçinin qeyd edib ki, Çin və Aİ arasında
quru yüklərinin böyük hissəsi Qazaxıstan ərazisindən keçir:
“Qazaxıstan Avropa və Asiyanın, Avropa İttifaqının və Çinin
qovşağında yerləşir. Çin və Aİ arasında quru yüklərinin böyük
hissəsi Qazaxıstan ərazisindən keçir. Onilliklər ərzində bu ticarət
axınlarının çoxu Rusiyadan keçən şimal marşrutu ilə gedirdi.
Ukraynada müharibə başlayandan, eləcə də Aİ-nin Rusiyaya qarşı
sanksiyalarından sonra bəzi şirkətlər logistik əməliyyatlarını
sanksiyaya məruz qalan ölkələrdən çıxarmağa başlayıblar. Bu,
Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına təkan verdi.
O, Aİ ilə Mərkəzi Asiya arasında ticarət üçün, eləcə də Çin və
Avropa arasında malların dənizdən daha sürətli tranziti üçün
əlverişli alternativ təklif edir”.
Səfirin qeyd edib ki, bir sıra araşdırmalara görə, bu marşrut
üzrə yükdaşımaların üç dəfə artırılması üçün böyük potensial
var:
“Bu, Qazaxıstanı qlobal iqtisadiyyatla daha yaxşı
əlaqələndirməyə və regionda iqtisadi artımı təşviq etməyə kömək
edəcək. Qazaxıstan eyni vaxtda Orta Dəhliz boyu daha yaxşı
xidmətlər göstərmək üçün bir neçə layihə üzərində işləyir”.
Qazaxıstan və Aİ arasında enerji sahəsində əməkdaşlıqdan danışan
səfir qeyd edib ki, Qazaxıstan onilliklər ərzində Aİ-nin enerji
tərəfdaşı olub və hazırda Aİ-nin neft istehlakının 8 faizindən
çoxunu təmin edir:
“Bu, Rusiya neftinin Aİ bazarına daxil olmasını dayandırdıqdan
sonra daha da vacib oldu. Belə ki, Aİ qeyri-rus mənşəli nefti
sanksiyalardan azad edib və bununla əlaqədar Qazaxıstan neftinin
böyük hissəsi Xəzər Boru Kəməri Konsorsiumu sisteminə daxil olmaqda
davam edir. Eyni zamanda, Qazaxıstan Avropaya neft tədarükünü
diversifikasiya etməyə çalışır. Neftin Xəzər dənizi və Azərbaycan
vasitəsilə nəqli bunun yollarından biridir. Transxəzər neft
tranzitinin həcmi son iki ildə artır, lakin inkişaf etmiş liman və
nəqliyyat infrastrukturunun olmaması səbəbindən məhduddur.
Alternativ ixrac marşrutlarının olması həmişə çox vacibdir”.
Л.Yankauskas vurğulayıb ki, Aİ Qazaxıstanla bərpa olunan enerji
mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsində də
maraqlıdır:
“Aİ qalıq yanacağından imtina edir, ona görə biz Qazaxıstanla
bərpa olunan enerji və yeni yaşıl texnologiyalar sahəsində
əməkdaşlığı genişləndirməkdə çox maraqlıyıq. Qazaxıstan günəş və
külək ehtiyatları ilə zəngin geniş əraziyə malikdir. Ölkə avropalı
investorların köməyi ilə artıq bəzi bərpa olunan enerji istehsal
güclərini quraşdırıb”.
Onun sözlərinə görə, ən iri layihələrdən biri Qazaxıstanın
Manqistau vilayətində “yaşıl” hidrogenin istehsalı üzrə
Almaniya-İsveç “SVEVIND” layihəsidir:
“Bir neçə ildən sonra o, Qazaxıstanı nəinki “yaşıl” hidrogenlə
təmin edəcək ki, bu da onun məhsullarını dünya bazarında daha
rəqabətqabiliyyətli edəcək, həm də ölkəyə Avropaya “yaşıl” enerji
tədarük etməyə imkan verəcək. Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu layihənin uğuru üçün mühüm rol oynayacaq”.
Səfir qeyd edib ki, Avropa şirkətləri Qazaxıstanda da bərpa
olunan külək və ya günəş enerjisi layihələrini uğurla inkişaf
etdirir:
“Aİ-yə üzv dövlətlərinin Mərkəzi Asiyadakı fəaliyyətlərini
birləşdirən su, enerji və iqlim dəyişikliyi üzrə “Team Europe”
təşəbbüsü ilk 20 milyon avroluq proqramla başlayacaq və regional
enerji əməkdaşlığı və regional enerji əməkdaşlığı və enerji
sisteminin inkişafına dəstək verəcək. Avropadakı təcrübəmiz
göstərir ki, belə əməkdaşlıq yaşıl keçidi stimullaşdıracaq və
emissiyaları azaldacaq”.
Ümumilikdə əməkdaşlığın hazırkı və mümkün istiqamətləri barədə
danışan səfir qeyd edib ki, Qazaxıstanla Aİ arasında 29 sahədə
əməkdaşlığın hüquqi əsasını təşkil edən Genişləndirilmiş
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi mövcuddur:
“Aİ ilə Qazaxıstan arasında ticarət əməkdaşlığı son bir neçə
ildə inkişaf edir. Enerji, o cümlədən bərpa olunan enerji ən böyük
əməkdaşlıq sahəsi olaraq qalmasına baxmayaraq, 2022-ci ilin
noyabrında imzalanmış ikitərəfli Memorandumu ilə nəzərdə tutulduğu
kimi, kritik xammal sahəsində əməkdaşlıq üçün artan potensial
var”.
Səfirin sözlərinə görə, kənd və su təsərrüfatı da yaxşı
investisiya imkanları təklif edir.
“Öz növbəsində, TBNM-in inkişafı Mərkəzi Asiyanın bütün
ölkələrindən yük axınlarını cəlb edəcək və təkcə tranzit deyil, həm
də nəqliyyat-logistika qovşağının inkişafını təmin edəcək.
Aviasiyanın inkişafı biznes, təhsil və turizm sahələrində insanlar
arasında qarşılıqlı əlaqəni və təmasları yaxşılaşdıracaq. Bundan
əlavə, rəqəmsal peyk rabitəsi layihəmiz ucqar kəndlərdə alternativ
rabitə və daha yaxşı internet təmin edəcək”, – deyə səfir
bildirib.
K.Yankauskas qeyd edib ki, Aİ və Qazaxıstan 31 il əvvəl
diplomatik münasibətlər qurub və o vaxtdan bəri tərəflər qarşılıqlı
faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Bu illər
ərzində Aİ Qazaxıstanın ən böyük ticarət tərəfdaşına və ölkədəki ən
böyük investora çevrilib:
“Aİ qarşılıqlı əlaqələrimizi və Mərkəzi Asiya ölkələrinin
təhlükəsizliyini və sabitliyini təşviq etmək üçün bir çox layihələr
həyata keçirmişdir: sərhədlərin idarə edilməsi, qanunun aliliyi,
qaçaqmalçılıqla mübarizə, su idarəçiliyi, yaşıl transformasiya,
enerji səmərəliliyi, Aİ ilə regionlararası və ticarətin təşviqi,
kiçik və orta biznes, təhsil, davamlılıq və insan kapitalının
inkişafı”



























