Advertisement

Azərbaycanda illik inflyasiya 1%-dən aşağı endi

Bakı. Trend:

2024-cü ilin aprel ayında Azərbaycanda istehlak qiymətləri
indeksi 2023-cü ilin aprel ayına nisbətən 100 faiz, o cümlədən,
qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz,
qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli
xidmətlər üzrə 102 faiz təşkil edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.

Bildirilib ki, 2024-cü ilin aprel ayında istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə
əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz təşkil edib.
2024-cü ilin aprel ayında qida məhsulları, içkilər və tütün
məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən
99,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə
nisbətən 99,3 faiz təşkil edib.

2024-cü ilin aprel ayında qeyri-qida malları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel
aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz
təşkil etmişdir. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida
mallarından daha çox bahalaşma zərgərlik məmulatlarının, sementin,
kəsilmiş taxtanın qiymətlərində müşahidə olunub.

Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər
baş verməyib. 2024-cü ilin aprel ayında əhaliyə göstərilmiş
ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya
nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin
müvafiq dövrünə nisbətən 102,4 faiz təşkil edib.