Advertisement

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik
analizi açıqlayıb.

Bu həftə inflyasiya göstəriciləri birjalara yön
verəcək

ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehsal
Qiymətləri İndeksi (PPİ) göstəriciləri bu həftə ön planda olacaq və
bazarların yaxın müddətli istiqamətini müəyyən edə bilər. Bu arada,
pərakəndə satış məlumatları və bəzi iri pərakəndə satıcıların
qazanc hesabatları iqtisadiyyatın əsas yönləndirici gücü olan
istehlak xərclərinin gücünə dair yeni ipucları verəcək. Böyük
Britaniyada da yaxından izləniləcək iqtisadi məlumatlar
açıqlanacaq.

İnflyasiya rəqəmləri

İnvestorlar bu həftə ABŞ-da CPİ və PPİ məlumatlarını
gözləyərkən, aylardır davam edən güclü inflyasiyanın FED-in bu il
faiz dərəcələrini azaltmayacağı qorxusuna səbəb olmasından sonra,
qiymət təzyiqlərinin nəhayət azalıb azalmadığına dair hər hansı bir
əlamət axtaracaqlar.

Bu ayın əvvəlində FED sədri Cerom Pavel Federal
Ehtiyatlar Sisteminin faiz dərəcələrini aşağı salmaq istədiyini
bildirsə də, həmçinin, ABŞ-ın son məşğulluq hesabatı əmək bazarında
yavaşlama əlamətləri göstərdiyi üçün faiz endirimi ehtimallarını
dəstəkləsə də, açıqlanan Şəxsi Xərclər İndeksi və Səxsi Xərclərin
Qiymət İndeksi göstəricilərinin artımla dərc olunması bazarların bu
proqnozlarını bir qədər ertələməsinə səbəb oldu.

Analitiklər çərşənbə günkü əsas CPI hesabatında
inflyasiyanın illik 3.6% artım göstərəcəyini ehtimal edirlər ki, bu
da üç ildən çox müddətdə ən kiçik artım olacaq.

Ancaq proqnozlaşdırılandan daha yüksək inflyasiya
rəqəmləri, ehtimal ki, ilin qalan hissəsində faiz dərəcələrinin
azaldılmayacağı ehtimalını dəstəkləyəcək və valyuta birjalarında
rallini yenidən alovlandıracaq.

Cari həftə ərzində inflyasiya göstəricilərindən
savayı, Amerikada dərc olunacaq İdxal Qiymətləri İndeksi, İxrac
Qiymətləri İndeksi, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı,
Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, Filadelfiya FED
Məşğulluq İndeksi, Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Sənaye
İstehsalının Həcmi kimi önəmli iqtisadi göstəricilər investorların
diqqət mərkəzində olacaq. Bazar iştirakçıları həmçinin çərşənbə
axşamı FED sədri Cerom Pavelin çıxışı zamanı Amerikada monetar
siyasətin gələcəyinə dair ipucları arayacaqlar.

EUR

Ötən həftə üfüqi tendensiya ilə yadda qalan EURUSD
məzənnəsi həftə ərzində 1.0790 həddini test etsə də, burada
müqavimətlə qarşılaşaraq bir qədər ucuzlaşdı və həftəlik şamını
1.0720 səviyyəsində tamamladı.

Bu həftə Almaniyada açıqlanacaq ZEW Cari Vəziyyət
İndeksi, ZEW İqtisadi Həssaslıq İndeksi və İstehlak Qiymətləri
İndeksi göstəriciləri və Avrozonada Ümumdaxili Məhsulun Həcmi kimi
statistik rəqəmlər avronun valyuta birjalarındakı qiymətlərinə
ciddi təsir edə bilər.

Böyük Britaniyadan iqtisadi
rəqəmlər

Keçən həftə İngiltərə Mərkəzi Bankı (BoE) faiz
qərarını açıqladı. Bank rəsmilərindən ikisinin faiz endirimini
dəstəkləməsinə baxmayaraq, birjalarda bankın növbəti iclasında ilk
endirimin gəlib-gəlməyəcəyi və ya bank üzvlərinin daha uzun müddət
gözləyib gözləməyəcəyi ilə bağlı fikir ayrılığı yaşanır.

BoE-nin iyunun 20-də keçiriləcək növbəti iclasından
əvvəl iki dəfə rəsmi məşğulluq məlumatları və iki dəfə inflyasiya
rəqəmləri açıqlanacaq.

Çərşənbə axşamı günü təqdim ediləcək iki məşğulluq
hesabatından birincisi, əmək haqqı artımlarının qiymət təzyiqlərini
artırdığını göstərən əlamətlər üçün yaxından izləniləcək.

İqtisadçılar, bonuslar istisna olmaqla, orta həftəlik
qazancın birinci rübdə illik 5.9% artacağını ehtimal edirlər.
Proqnozlar güclü artıma işarə etsə də, maaş artımının yavaşladığını
göstərəcək nəticələr, ehtimal ki, iyun ayında faiz endirimi
ehtimallarını dəstəkləyəcək.

Ötən həftəyə 1.2540 səviyyəsində başlayan GBPUSD
məzənnəsi həftə ərzində 1.2590 həddini test etsə də, burada
müqavivətlə qarşılaşaraq ucuzlaşdı və həftəlik şamını 1.2445
səviyyəsində tamamladı.

“Ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya
bilsələr, eniş tendensiyası davam edə bilər.

NEFT

Ötən həftə “Brent” nefti 0.2% dəyər itirib, “WTI” isə
0.2% bahalaşıb.

Birləşmiş Ştatlarda faiz dərəcələrinin daha uzun
müddət yüksək qala biləcəyi ehtimalları neft qiymətlərinə təzyiq
göstərib, çünki yüksək faiz dərəcələri ümumiyyətlə iqtisadi
fəallığı yavaşlatır və neftə tələbi zəiflədir.

Güclənən ABŞ dolları digər valyutalardan istifadə edən
alıcılar üçün dollarla ifadə olunan malları da bahalaşdırıb.

Ümumi güclü yay səyahət mövsümü yaxınlaşsa da, ABŞ-ın
yanacaq ehtiyatlarının artması neft qiymətlərinin ucuzlaşmasına
səbəb olub.

Lakin dərc olunan məlumatların Çinin aprel ayında
keçən ilin eyni ayı ilə müqayisədə daha çox neft idxal etdiyini
göstərməsindən sonra, qiymətlər cümə axşamı yenidən bir qədər
bahalaşıb.

Ötən həftəyə 83.40$ həddindən başlayan “Brent” nefti
85.20$-a kimi bahalaşmış, lakin burada müqavimətlə qarşılaşaraq
yenidən 82.45$-a kimi ucuzlaşmışdı. Həftənin sonuna doğru ABŞ-da
neft ehtiyyatlarının kəskin azalması fonunda neftin qiyməti
83.40$-a kimi bahalaşmışdı.

Cari həftə ərzində “Buğalar” qiyməti 85$-ın üzərinə
yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası
davam edə bilər. Əksi təqdirdə, “Ayılar”ın diktəsi artar və qiyməti
80$-a kimi ucuzlaşdıra bilsələr, eniş tendensiyası daha kəskin
xarakter ala bilər.

XAUUSD

Ötən həftəyə 2301$ səviyyəsindən başlayan və 2378$
səviyyəsini test edən qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər
və geosiyasi proseslər fonunda 2291$-a kimi ucuzlaşsa da həftəlik
şamını 2360$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, “Buğalar”
qiyməti 2360$ həddinin üzərində saxlaya bilsələr, artım
tendensiyası davam edə bilər.