
Bakı. Trend:
Milli Məclisin deputatı Rauf Əliyev “Qarabağ” futbol klubunu
Portuqaliya komandasına qalib gəlməsi münasibətilə təbrik edib.
Deputat Trend-ə
açıqlamasında deyib ki, dünən çox böyük hadisə baş verdi, “Qarabağ”
futbol klubu Portuqaliyada “Braqa” komandasına 4:2 hesabı ilə qalib
gəldi.
“Bu, bir daha onu göstərdi ki, komanda çox hazırlıqlıdır.
Oyundan əvvəl müxtəlif söhbətlər gedirdi ki, necə olacaq? Çünki
“Braqa” güclü komandadır. Ancaq inam belə idi ki, “Qarabağ” heç də
“Braqa”dan zəif deyil, əgər yaxşı oynasalar, qalib gələcəklər. belə
də oldu, “Qarabağ” klubu çox yaxşı oyun göstərdi və qalib gəldi.
Ona görə də klubun rəhbərliyini, məşqçilərini, futbolçularını
ürəkdən təbrik edirəm.
Bilirsiniz, “Qarabağ” tək bir futbol klubu deyil, bu, həm də bir
siyasi məsələdir. “Qarabağ” oynayanda həm bizi istəyənlər baxır,
həm istəməyənlər baxır. Ona görə də “Qarabağ”ın Portuqaliya
komandasına qalib gəlməsi çox böyük məsələdir.
İnanıram ki, Bakıda da eyni oyun göstərərək, “Braqa” komandasına
qalib gəlib növbəti yeni mərhələyə keçəcək. Prezident İlham Əliyev
idmana böyük diqqət və qayğı göstərir. Bu qayğı öz nəticələrini
verir. Bu oyunlar gənc futbolçular üçün vacibdir, bir təbliğatdır.
Ona görə çox şadam və inanıram ki, “Qarabağ” gələcəkdə bizi çox
sevindirəcək. Komandaya uğurlar arzu edirəm”, – deyə deputat əlavə
edib.





























