
Bakı. Trend:
Azərbaycan və Latviya arasında məhsulların nomenklaturasının
genişləndirilməsi və əmtəə dövriyyəsinin gələcək inkişafı üçün
geniş imkanlar mövcuddur.
Trend xəbər
verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
Azərbaycan-Latviya biznes forumunda deyib.
“Ölkələrimiz arasında qarşılıqlı səfərlərin aktiv dinamikası və
dövlət başçılarımızın birgə tədbirlərdə iştirakı ilə möhkəmlənən
münasibətlər çox uğurla inkşaf edir və strateji tərəfdaşlıq
səviyyəsindədir. Bizim imzalanmış 45 sənədimiz, o cümlədən,
Strateji Tərəfdaşlıq haqqında Bəyannaməmiz var və bunlar möhkəm
ikitərəfli müqavilə hüquqi bazasını yaradır.
Həmçinin, investisiyaların təşviqi və qarşılıqlı mühafizəsi və
ikiqat vergiqoymanın aradan qaldırılması haqqında mövcud sazişlər
də əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə imkan yaradır”, –
deyə o bildirib.
O vurğulayıb ki, 2023-cü ildə ölkələr arasında əmtəə dövriyyəsi
65 milyon ABŞ dolları olub:
“Azərbaycanın Latviyaya ixracı 64 faiz artaraq 45 milyon dollara
çatıb, ölkədən idxal isə 20 milyon dollar olub. 2024-cü ilin
birinci rübündə isə ticarət dövriyyəsinin həcmi 6 milyon dollar
təşkil edib. Bununla belə, məhsulların nomenklaturasının
genişləndirilməsi və əmtəə dövriyyəsinin gələcək inkişafı üçün
geniş imkanlar, o cümlədən, bir sıra rəqabət qabiliyyətli
məhsulların qarşılıqlı idxalı və ixracı mövcuddur. İqtisadi
əlaqələrimizin digər mühüm istiqaməti investisiya
əməkdaşlığıdır.
Qeyd etmək istərdim ki, 1995-2023-cü illə ərzində Latviyanın
Azərbaycana birbaşa xarici investisiyalarının (BXİ) dəyəri 166
milyon ABŞ dolları, Azərbaycanın Latviyaya yatırdığı BXİ dəyəri 166
milyon ABŞ dolları olub. Yəni bizdə əməkdaşlıq balansı mövcuddur,
lakin tərəflər onu aktiv şəkildə inkişaf etdirməyin vacibliyini
qəbul edirlər”, – deyə nazir müavini bildirib.
O bu ilin fevral ayında Azərbaycanda sənaye, nəqliyyat, ticarət
və xidmət sahələrində qeydiyyatdan keçmiş 69 Latviya şirkətindən
48-nin aktiv olduğunu qeyd edib.
“Əlavə etmək istərdim ki, Latviya və Azərbaycan, həmçinin,
Avropa İttifaqının (Aİ) ümumi dəyəri 9 milyon avro olan 8 tvinninq
layihəsində birgə iştirak edib ki, bu da bir neçə cəbhədə
tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir”, – deyə S.Məmmədov
əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























