Bakı. Trend:
Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında
artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum
əməkhaqqı 2.7 dəfə artırılıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə
hesabında yazıb.
“Minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə
oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya
həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi.
2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əməkhaqqındakı
artım faizi 11.3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm
qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi
qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək
rəqəmlərdən getməlidir. Bu, o deməkdir ki, 2023 və 2024-cü illər
üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əməkhaqqında
daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət ikirəqəmli
artımdan gedir.
Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan
sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın
700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq artım
faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”,- deyə o
bildirib.



























