
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazovla “China Energy Engineering
Group Co.Ltd” şirkətinin sədri Song Hailiangin rəhbərlik etdiyi və
“China Energy International Group Co. Ltd” şirkətinin sədri Lyu
Zexiangin da daxil olduğu nümayəndə heyəti arasında görüş
keçirilib.
Görüşdə bərpa olunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq
əlaqələrinin inkişafına və COP29 çərçivəsində Çin şirkətləri ilə
birgə fəaliyyətə dair müzakirələr aparılıb. Çində və qlobal
miqyasda energetika və infrastruktur sənayeləri üçün sistematik,
inteqrasiya olunmuş, hərtərəfli inkişaf planları və xidmətləri
təqdim edən “China Energy Engineering Group Co.Ltd” şirkətinin
həyata keçirdiyi layihələr barədə məlumat verilib. Çin
şirkətlərinin ölkəmizdə nəhəng bərpa olunan enerji potensialının
reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka
maraq göstərdikləri diqqətə çatdırılıb. “Yaşıl enerji” dəhlizləri
və interkonnektorlarının yaradılması, “yaşıl enerji”nin ixracı,
“yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalı-nəqli, həmçinin
enerji saxlanc sistemləri üzrə əməkdaşlıq imkanları
dəyərləndirilib. Həmçinin Energetika Nazirliyi ilə “China Gezhouba
Group Overseas Investment” şirkəti arasında imzalanmış 2 QVt
gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair
Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. 60
MVt və 100 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə
bağlı görülən tədbirlər və növbəti addımlar nəzərdən keçirilib.
Söhbət zamanı İşçi Qrupunun yaradılması ilə potensial əməkdaşlıq
istiqamətləri üzrə təkliflərin dəyərləndirilməsi və nəticədə
müvafiq layihələrlə bağlı əməkdaşlıq edilməsi üçün qarşılıqlı
fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.



























