
Bakı. Trend:
“Birbaşa Bakı”nın minifutbolçusu Təmkin Xəlilzadənin İdman.bizə
müsahibəsi
– 2023/24 mövsümünün finalında “Aznur”a 5:2 qalib
gələrək, “Birbaşa Bakı” ilə ilk dəfə Minifutbol Liqasının qalibi
oldunuz. Təəssüratlarınız necədir?
– Çox xoşbəxtəm. 9-10 aylıq əziyyətimizin bəhrəsini gördük.
Qələbədə az da olsa pay sahibi olduğuma görə ikitərəfli xoşbəxtəm.
Layiq olduğumuz kuboku qazandıq. Hisslərim o qədər çoxdur ki,
həyəcandan ifadə edə bilmirəm. Qələbənin dadını çıxarmaq
istəyirəm.
– Finalda sanki asan qələbə qazandınız…
– Yox, belə deməzdim. “Aznur” bu çempionatda iddialı
komandalardan idi. Əsas rəqiblərimizdən “Zirə”ni 2 oyunda top
buraxmadan yolundan uzaqlaşdırmışdı. Ona görə oyuna çox ciddi
yanaşmışdıq. Hətta 1-ci qolu da onlar vurdular. Lakin daha sonra
özümüzdə güc tapıb oyunu öz xeyrimizə çevirdik. Çətin matç oldu.
Qıraqdan asan görünə bilər.
– Yaxşı formada olduğunuz görünür. Böyük futbola
qayıtmaq barədə düşünürsünüz?
– Əlbəttə, istəyirəm. Təmkin Xəlilzadə böyük futbolla
vidalaşmayıb. Təmkinə təklif olarsa, oturub danışa bilərik. Hər
zaman təklif gözləyirəm.
– Onda təkliflər yoxdur?
– Yox, təkliflər oldu. Son 4-5 aya kimi bu, davam etdi. Amma son
aylarda hələlik, olmayıb. Mövsüm bitdikdən sonra, bəlkə, gələr.
– Bəs Liqanın fərqi var?
– Oynayacağım liqanın fərqi var. I və II Liqalardan günü bu gün
də təkliflər gəlir. Amma özüm istəmirəm.





























