
Bakı. Trend:
Azərbaycan texnologiya sahəsində regional liderə çevrilib.
Trend xəbər
verir ki, bu barədə GSMA şirkətinin normativ-hüquqi tənzimləmə üzrə
direktoru Con Custi Bakıda keçirilən “M360 Eurasia 2024” beynəlxalq
konfransında çıxışında deyib.
“Bakıda cəmi 30 il bundan əvvəl ilk internet bağlantısı
quraşdırıldı. Həmin vaxtdan etibarən ölkə texnologiya, innovasiya
və sahibkarlıq sahəsində regional liderə çevrilib”, – deyə o
bildirib.
Onun sözlərinə görə, bu gün Yer kürəsi əhalisinin 95 faizi
(yaxud 5,6 milyard nəfər) mobil şəbəkə ilə əhatə olunub.
O, həmçinin, qeyd edib ki, bütün dünyada süni intellekt və digər
yeni texnologiyalar artıq cəmiyyətə dərin təsir göstərməklə
müəssisələrin məhsuldarlığını artırmağa imkan verir və hökumətlərin
daha ciddi problemlərdən bəzilərini həll etməsinə kömək edir.
Bundan başqa, Custi rəqəmsal sektorun iqlim dəyişmələri ilə
mübarizədə birləşməyə çalışmalı olduğunu qeyd edib.
“Bu gün dünya sənayesinin təqribən üçdə ikisi karbon qazı
tullantılarının azaldılması üzrə qətiyyətli addımlar ataraq
qısamüddətli iqlim islahatlarının keçirilməsi ilə bağlı öhdəlik
götürüb”, – o deyib.
O, həmçinin, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29
konfransı ilə əlaqədar olaraq, GSMA-nın Azercell-lə əməkdaşlığına
şad olduğunu əlavə edib
Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda “M360 Eurasia 2024”
beynəlxalq konfransı keçirilir.
Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici
qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının
rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər
iştirakçılar bir araya gəlib.
“M360 Eurasia” Bakıda ikinci dəfədir ki, keçirilir. Əvvəlki
tədbirdə 29-dan çox ölkənin nümayəndəsi iştirak edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























