Advertisement

Azərbaycan məhsulları Belarusda rəğbətlə qarşılanır – Baş nazirin müavini

Bakı. Trend:

Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri var.
Azərbaycan Belarusa keyfiyyətli meyvə-tərəvəz və zeytun yağı ixrac
edir və bu məhsullar əhali tərəfindən rəğbətlə qarşılanır.

Trend xəbər verir ki, bu sözləri Belarusun Baş nazirinin müavini
İqor Petroşenko 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı
“Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi
“InterFood Azerbaijan” sərgilərinin açılış mərasimində deyib.

O bildirib ki, sərgidə Belarusun kənd təsərrüfatının bütün
sahələrini təmsil edən 42 şirkət iştirak edir.

“Bunlar bitkiçilik, heyvandarlıq, baytarlıq, kənd təsərrüfatı
texnikaları istehsal edən şirkətlərdir. Belarus Azərbaycana kənd
təsərrüfatında geniş tətbiq olunan traktorlar ixrac edir.
Azərbaycanın kənd təsərrüfatında istifadə etdiyi traktorların 70
faizi Belarus istehsalıdır. Belarus Azərbaycana daha çox ət və ət
məhsulları, süd və süd məhsulları ixrac edir. Bakıda Belarus brendi
ilə 6 mağaza fəaliyyət göstərir.

Bu mağazalarda satılan ət və süd məhsulları yerli əhali
tərəfindən məmnuniyyətlə alınır. Yaxın gələcəkdə Azərbaycanın
regionlarında da Belarus mağazalarının açılması istiqamətində
Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə etmişik”, – deyən
nazir müavini yeni mağazaların açılışında iştirak etmək üçün bir
daha Bakıya gələcəyini vurğulayıb.