
Bakı. Trend:
Generativ süni intellekt sürətlə inkişaf edir.
Trend xəbər
verir ki, bu barədə “McKinsey & Company” şirkətinin direktoru
Rolandon Balsinde Bakıda keçirilən “M360 Eurasia 2024” beynəlxalq
konfransında çıxışında deyib.
“2023-cü il generativ süni intellekt ili oldu. Üç və ya dörd il
bundan əvvəl süni intellektin bu cür yayılması praktikadan çox
nəzəriyyə idi. Bir neçə ay əvvəl generativ süni intellektin
köməyilə yaradılmış 13 startap 1 milyard ABŞ dollarından yuxarı
dəyərləndirilirdi”, – deyə o bildirib.
Balsindenin sözlərinə görə, generativ süni intellektin
korporativ tətbiqi sürətlənir və bütün dünyada şirkətlər öz
fəaliyyətlərində süni intellektdən istifadə etməyə başlayır.
“Biz 2023-cü ilin oktyabr ayında vençur fondları tərəfindən
generativ süni intellektə qlobal investisiyalarda 2022-ci illə
müqayisədə 400 faiz artımın şahidi olduq. Həmçinin tarixdə yeni
texnologiyanın ən sürətli qəbulunu müşahidə etdik. ChatGPT
istifadəçilərinin sayı cəmi iki ay ərzində 100 milyon nəfərə
çatdı”, – deyə o əlavə edib.
Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda “M360 Eurasia 2024”
beynəlxalq konfransı keçirilir.
Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici
qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının
rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər
iştirakçılar bir araya gəlib.
“M360 Eurasia” Bakıda ikinci dəfədir ki, keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























