Advertisement

Azərbaycanda internet istifadəçilərinin 77 faizinin sosial şəbəkə hesabları var – Tədqiqatçı

Bakı. Trend:

Azərbaycanda internet istifadəçilərinin 77 faizinin sosial
şəbəkələrdə hesabları var.

Trend xəbər
verir ki, bu barədə bu gün menecer, tədqiqatçı analitik,
konsultant, müstəqil ekspert Riina Vuorikari Bakıda keçirilən “M360
Eurasia 2024” beynəlxalq konfransında çıxışında deyib.

Onun sözlərinə görə, bu barədə “Rəqəmsal Bacarıqların Tədqiqi:
Azərbaycan 2023-2024” (Azerbaijan Digital Skills Assessment
2023-2024) məlumatlarında qeyd olunub.

“Bu tədqiqat Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi və Beynəlxalq Elektrik Rabitəsi İttifaqının MDB
üzrə Regional Ofisi tərəfindən aparılıb. Sorğu Azərbaycanın 13
bölgəsində təsadüfi seçim əsasında təqribən 35 min nəfər arasında
keçirilib”, – o deyib.

Hesabata əsasən, Azərbaycanda internet istifdəçilərinin 88 faizi
zənglərini şəbəkə üzərindən həyata keçirir, 77 faiz sosial
şəbəkələrdə hesablara malikdir, 18 faiz internetdən konsultasiyalar
və səsvermə üçün istifadə edir, 45 faiz mesajlarını elektron poçt,
sms və messencerlərin köməyilə göndərir.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda “M360 Eurasia 2024”
beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici
qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının
rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər
iştirakçılar bir araya gəlib.

“M360 Eurasia” Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun