Advertisement

Azərbaycanın energetika naziri Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Bakı. Trend:

Tbilisi şəhərində energetika naziri Pərviz Şahbazov ilə
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf
naziri Levan Davitaşvili arasında görüş olub. Görüşdə
Azərbaycan-Gürcüstan enerji əlaqələrinin geniş spektri müzakirə
edilib.

Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlığa əsaslanan
münasibətlərin inkişafında regional və qlobal əhəmiyyətli enerji
layihələri üzrə uğurlu birgə əməkdaşlığın rolundan bəhs edilib.
Azərbaycan ilə Gürcüstanın enerji təhlükəsizliyində etibarlı
tərəfdaş mövqelərini gücləndirəcək “Azərbaycan-Qara dəniz-Avropa
Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətindən danışılıb.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında layihənin
həyata keçirilməsi istiqamətində görülən tədbirlər nəzərdən
keçirilib və prosesin sürətləndirilməsinin vacibliyi qeyd
edilib.

Layihənin fiber optik komponenti, PCI/PMI statusunun əldə
edilməsi, Birgə Müəssisənin yaradılması, həmçinin Mərkəzi Asiyadan
Avropayadək “yaşıl enerji” bağlantısının qurulması, beynəlxalq
enerji şirkətləri və maliyyə institutları ilə əməkdaşlığa dair
geniş fikir mübadiləsi aparılıb. “Yaşıl enerji”nin inkişafı və
ötürülməsi üzrə nazirlərin 7-ci iclasının məhsuldar keçəcəyinə
qarşılıqlı inam ifadə olunub.