
Bakı. Trend:
Dünya Bankı Azərbaycanda qadınların və qızların rəqəmsal
bacarıqlarının inkişafını dəstəkləməyə davam etmək
niyyətindədir.
Trend xəbər
verir ki, bu barədə bu gün Dünya Bankının Azərbaycan üzrə meneceri
Stefanie Stallmeister Bakıda keçirilən “M360 Eurasia 2024”
beynəlxalq konfransında çıxışında deyib.
“Hazırda Dünya Bankı Azərbaycanda həyata keçirdiyi proqram
əsasən normativ-hüquqi bazanın yaradılmasına və kibertəhlükəsizlik
məsələlərinin nəzərdən keçirilməsinə yönəlib. Bu, əsasən hökumətin
normativ-hüquqi məsələlər üzrə konsultsiyasından ibarətdir.
Həmçinin qadınlara və onların rəqəmsal bacarıqlarının inkişafına
xüsusi diqqət yetirməklə tədqiqat aparmışıq və bu istiqamətdə əlavə
dəstək göstərəcəyimizə ümid edirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanda baza savadlılıq səviyyəsi
nisbətən yüksəkdir, lakin rəqəmsal savadlılıqla bağlı problemlər
mövcuddur.
“Hazırda hər kəsin gündəlik olaraq rəqəmsal xidmətlərdən
əminliklə istifadə edə bilməsini təmin etmək vacibdir”, – deyə o
əlavə edib.
O bildirib ki, rəqəmsal xidmətlərə etimadın formalaşması və
onların rahat istifadəsi olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda “M360 Eurasia 2024”
beynəlxalq konfransı keçirilir.
Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici
qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının
rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər
iştirakçılar bir araya gəlib.
“M360 Eurasia” Bakıda ikinci dəfədir ki, keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























